Azərbaycan ilə Türkiyə arasında əlaqələr bütün sahələrdə yüksək səviyyədə inkişaf edir

 

Fevralın 8-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nejdət Özəlin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Qonaqları salamlayan Baş nazir Artur Rasizadə Türkiyənin Azərbaycan üçün doğma ölkə olduğunu, dövlətlərimiz arasında əlaqələrin bütün sahələrdə yüksək səviyyədə inkişaf etdiyini vurğuladı.

Azərbaycanın Baş naziri bu cür səfərlərin ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsinə təkan verəcəyinə əminliyini ifadə etdi.

Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nejdət Özəl isə Bakıda olmasından məmnunluğunu bildirərək ölkəsinin Azərbaycan ilə əlaqələrə böyük önəm verdiyini vurğuladı. Dövlətlərimiz arasında bütün sahələrdə əməkdaşlığın daim dərinləşdiyini qeyd edən Nejdət Özəl mövcud əlaqələrin bundan sonra da möhkəmlənəcəyinə əminliyini bildirdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.-9 fevral.- S.  2.