Heydər Əliyev. Müstəqilliyimiz əbədidir çoxcildliyinin 37-ci cildi çapdan çıxmışdır

 

"Azərbaycan xalqı vahid xalqdır. Azərbaycanın dövlət siyasəti azərbaycançılıq əsasında qurulubdur. Biz hamımız, hansı bölgədən olmağımızdan asılı olmayaraq, azərbaycanlı kimi on illərlə, yüz illərlə belə böyümüşük. Heç vaxt deməmişik bunun kökü nədir. Azərbaycanda yaşayan insanların hamısı həmişə özünü azərbaycanlı hesab ediblər. Onlar həqiqətən, azərbaycanlıdırlar və hamımızın birlikdə ən əsas məqsədi - azərbaycançılığı möhkəmləndirmək, qorumaqbütün Azərbaycan xalqını, Azərbaycan əhalisini bunun ətrafında birləşdirməkdir".

 

AzərTAc xəbər verir ki, bu sətirlər "Heydər Əliyev. Müstəqilliyimiz əbədidir" çoxcildliyinin "Azərnəşr" tərəfindən yenicə çapdan buraxılmış 37-ci cildindən - Prezident Heydər Əliyevin 2001-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının ikinci qurultayındakı nitqindən götürülmüşdür.

Nəşrin buraxılışına məsul Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevdir.

Çoxcildliyin 37-ci cildinə ulu öndər Heydər Əliyevin Azərbaycana gələn bir sıra xarici dövlət və hökumət, beynəlxalq təşkilatların nümayəndələri, respublikamızın kütləvi informasiya vasitələrinin rəhbərləri, görkəmli musiqiçi Mstislav Rostropoviç ilə görüşlərinin materialları, Yeni Azərbaycan Partiyasının ikinci qurultayında söylədiyi dərin məzmunlu nitqi daxil edilmişdir.

Kitabda ulu öndərin Moskvada MDB-nin üzvü olan ölkələrin yubiley zirvə görüşündə dövlət və hökumət başçıları ilə təkbətək görüşləri, "Qafqaz dördlüyü" ölkələrinin prezidentlərinin görüşləri və bəyanatları, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun həll olunmasına aid materiallar verilmişdir. Burada həmçinin ümummilli liderin Rusiya Federasiyasına rəsmi səfəri zamanı dövlət xadimləri, Moskva Dövlət Universitetinin professor-müəllim və tələbə heyəti ilə görüşləri, İTAR-TASS agentliyi və Rusiyanın digər aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri ilə danışıqları, Rusiya ilə Azərbaycan arasında uzunmüddətli iqtisadi əməkdaşlığın inkişafına dair materiallar da öz əksini tapmışdır.

Bütün kitablarda olduğu kimi, 37-ci cilddə də ulu öndər Heydər Əliyevin müxtəlif dövlətlərin, eləcə də beynəlxalq təşkilatların nümayəndələri ilə keçirdiyi görüşlər zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prinsipial mövqeyi öz əksini tapmışdır.

Kitabda əks olunan rəsmi sənədlər, çıxışlar, müsahibələr, fərmanlar, müraciətlər, bəyanatlar 2001-ci ilin noyabrından 2002-ci ilin martınadək olan dövrü əhatə edir.

"Azərnəşr" nəşriyyatında çap olunan çoxcildliyin hazırlanmasında AzərTAc-ın materiallarından istifadə edilmişdir.

 

Azərbaycan.- 2012.- 15 fevral.- S. 5.