Azərbaycanın beynəlxalq antikorrupsiya sahəsində əməkdaşlığı genişlənir

 

 Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov fevralın 14-də Azərbaycanda  səfərdə olan Beynəlxalq Antikorrupsiya Akademiyasının rəhbəri Martin Kreutner, müşavirləri Avstriyanın sabiq ədliyyə naziri Klaudiya Bandion-Ortner və ABŞ-ın sabiq prokuroru Süzann Hayden ilə görüşmüşdür.

Ədliyyə naziri Azərbaycanda Prezident İlham Əliyevin güclü siyasi iradəsi ilə korrupsiyaya qarşı qətiyyətli mübarizə aparıldığını, o cümlədən cəmiyyətdə dözümsüzlük mühitinin formalaşdırılması, hüquq-mühafizə orqanlarında qaynar xətlərin yaradılması və digər tədbirlər barədə məlumat vermişdir.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, F.Məmmədov korrupsiya ilə mübarizədə mühüm rolu olan hakimlərin Avropada ən şəffaf və tam obyektiv seçimindən danışmış, Azərbaycanın bu sahədə təcrübəsinin Avropa Şurası və Avropa İttifaqı tərəfindən örnək kimi qiymətləndirildiyini və bu müsbət təcrübənin digər dövlətlərə tövsiyə edildiyini bildirmişdir.

Ölkəmizin korrupsiyaya qarşı mübarizə sahəsində nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən 140-dan çox dövləti birləşdirən Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyası ilə səmərəli əməkdaşlıq etdiyini bildirən nazir qarşılıqlı münasibətlərin faydasını qeyd etmiş, dünyada getdikcə nüfuzu artan Akademiyanın antikorrupsiya mədəniyyətinin gücləndirilməsi və qabaqcıl təcrübənin yayılmasında müstəsna rolunu vurğulamışdır.

Respublikamıza ilk səfərindən məmnunluğunu ifadə edən qonaq Azərbaycanda korrupsiyaya qarşı mübarizə tədbirlərini təqdir etmiş, beynəlxalq antikorrupsiya fəaliyyətində ölkəmizin fəal əməkdaşlığını qeyd edərək, nüfuzlu təşkilatlar daxilində qarşılıqlı münasibətlərin yüksək səviyyədə olduğunu söyləmişdir. M.Kreutner ötən il müxtəlif beynəlxalq konfranslar çərçivəsində keçirilmiş ikitərəfli görüşləri və əməkdaşlığa dair ilkin razılaşmaları qeyd etmiş, Azərbaycanın Beynəlxalq Antikorrupsiya Akademiyasının nizamnaməsinə qoşulmasının əhəmiyyətini vurğulamışdır. Qonaq həmçinin hakimlərin seçimi ilə bağlı ölkəmizin nailiyyətlərini yüksək qiymətləndirmiş, təmsil etdiyi qurumla birgə tədbirlərin təşkilinin əməkdaşlığımızın inkişafına təkan verəcəyinə əminliyini bildirmişdir.

Görüşdə qarşılıqlı fəaliyyətin perspektivlərinə dair səmərəli fikir mübadiləsi aparılmış, Akademiya ilə birgə treninqlərin təşkilinə dair razılıq əldə edilmişdir.

Qonaqlar nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olmuşlar.

 

Azərbaycan.- 2012.- 15 fevral.- S. 8.