Qarabağ Fondu ABŞ-ın 50 dövlət məktəbində Azərbaycan mədəniyyətini təbliğ edəcəkdir

 

 Qarabağ Fondu ABŞ-da Virciniya ştatının Longfellow orta məktəbinin 150-dək tələbə, valideyn və müəllimləri üçün Mədəniyyət Bayramı təşkil etmişdir.

Fonddan AzərTAc-a bildirmişlər ki, tədbirin iştirakçıları Azərbaycan mədəniyyəti ilə tanış olmaq imkanı əldə etmişlər.

Longfellow məktəbində təşkil olunmuş Mədəniyyət Bayramı zamanı Qarabağ Fondunun məktəbin "Valideyn və müəllim" birliyi üçün təşkil etdiyi "Ailəni məktəbə cəlb et həftəsi" layihəsinin və Azərbaycan mədəniyyətinin təqdimatı tədbir iştirakçılarının böyük marağına səbəb olmuşdur.

Qarabağ Fondu bu layihəni ABŞ-ın AXA Fondundan aldığı qrant çərçivəsində həyata keçirir.

Tədbir layihəni dəstəkləmiş AXA Fondunun nümayəndəsinin açılış nitqi ilə başlamışdır. Sonra Qarabağ Fondunun icraçı direktoru Diana Altman layihənin əhəmiyyətindən danışmışdır.

Təqdimatlardan sonra iştirakçılara Azərbaycan mədəniyyəti haqqında vəsait təqdim olunmuş və müxtəlif milli geyimlərimiz, rəqslərimiz nümayiş etdirilmişdir.

Qrant layihəsinin icrasının növbəti mərhələsində Qarabağ Fondu Longfellow məktəbi üçün veb-səhifə, Azərbaycan Mədəniyyət Mərkəzi yaradacaqdır.

Qarabağ Fondu "Ailəni məktəbə cəlb et həftəsi" layihəsinin icrasını ABŞ-ın digər 50 dövlət məktəbində həyata keçirməyi planlaşdırır. Fond ABŞ-ın orta təhsil ocaqlarının direktorları üçün Azərbaycan və Qafqaz mədəniyyəti haqqında vəsaitlərin məktəb proqramına daxil etmələri haqqında təkliflər hazırlayır.

Qeyd edək ki, Qarabağ Fondu ABŞ-da yaradılmış və mərkəzi ofisi Vaşinqtonda yerləşən qeyri-hökumət təşkilatıdır. Bu təşkilat ABŞ-da QHT-lərə verilən yüksək 501 (C) 3 statusuna sahibdir. Fondun əsas məqsədi Azərbaycanı, Dağlıq Qarabağ bölgəsini və bütövlükdə Cənubi Qafqazı amerikalılara tanıtmaqdır.

 

Azərbaycan.- 2012.- 15 fevral.- S. 10.