İlham Əliyev. İnkişaf - məqsədimizdir çoxcildliyinin səkkizinci cildi çapdan çıxmışdır

 

 "Azərbaycanın çox yaxşı iqtisadi göstəriciləri var. Bizim ölkə uğurla inkişaf edirkeçid dövrünün bütün çətinliklərinə baxmayaraq, Azərbaycanın iqtisadi nailiyyətləri gözəçarpan səviyyədədir. Sovet İttifaqının süqutundan sonra Azərbaycan öz müstəqilliyini elan edərkən ölkəmiz xaos vəziyyətinə düşmüşdü. Lakin sonrakı illər ərzində Azərbaycan addım-addım həm siyasi, həm də sosial-iqtisadi islahatlar sayəsində cəmiyyətimizin demokratikləşməsi yolu ilə problemləri həll edə bilmişdir. Nəticədə biz sabitliyin bərqərar edilməsinə, iqtisadi inkişafa nail olmuşuq. İndi Azərbaycanın hər bir vətəndaşı bu iqtisadi inkişafdan faydalanmaq imkanını əldə etmişdir".

Bu sözlər yenicə çapdan çıxmış "İlham Əliyev. İnkişaf - məqsədimizdir" çoxcildliyinin səkkizinci cildində dövlət başçısının Azərbaycan-İtaliya biznes forumundakı nitqindən götürülmüşdür.

Nəşrin buraxılışına məsul Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevdir.

Çoxcildliyin bu kitabında Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir və qüdrətli Azərbaycanda dövlət quruculuğuna, həyata keçirilən geniş sosial-iqtisadi islahatlara, ölkəmizin elmi və mədəni həyatına həsr olunmuş çıxış və nitqləri əksini tapmışdır.

Kitabda həmçinin Azərbaycanda keçirilmiş İTAR-TASS günlərinin iştirakçıları - tanınmış jurnalistlər, Rusiyanın aparıcı nəşrlərinin rəhbərləri, elm, mədəniyyət, idman xadimləri ilə görüşləri, Azərbaycanın milli mənafeyini əks etdirən dərin məzmunlu söhbətləri toplanmışdır.

Burada, eyni zamanda, Prezident İlham Əliyevin İran İslam Respublikasına, Rusiyaya, Səudiyyə Ərəbistanı Krallığına, Çin Xalq Respublikasına və İtaliyaya səfərləri zamanı bir sıra dövlət və hökumət başçıları ilə görüşlərində Azərbaycanın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı prinsipial mövqeyini əks etdirən çıxış və nitqləri, nüfuzlu mətbuat orqanlarına və televiziya kanallarına verdiyi bəyanat və müsahibələri də yer almışdır.

Səkkizinci cildə Prezident İlham Əliyevin dünyanın görkəmli dövlət və hökumət başçılarına, beynəlxalq təşkilatlara, məşhur şəxsiyyətlərə məktubları, xarici nümayəndə heyətləri ilə görüşləri zamanı apardığı söhbətlərin mətnləri daxil edilmişdir.

Bu kitabda həmçinin dövlət başçısının "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının bir illiyinə həsr olunmuş konfransda, "Mərkəzi Aran" platformasından ilk neftin hasilatına həsr olunmuş, Daxili Qoşunların yaranmasının 13-cü ildönümü ilə bağlı, eləcə də Milli Təhlükəsizlik Nazirliyinin bir qrup əməkdaşına orden və medalların təqdim edilməsi mərasimlərindəki nitqləri də verilmişdir.

Kitaba "Qeydlər", "Şəxsi adlar" "Coğrafi adlar" göstəriciləri daxil edilmişdir.

Səkkizinci cildə daxil olan materiallar 2005-ci ilin yanvarından martınadək olan dövrü əhatə edir.

"Azərnəşr" tərəfindən buraxılmış cildin hazırlanmasında Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) materiallarından istifadə olunmuşdur.

 

 

Azərbaycan.- 2012.- 16 fevral.- S. 3.