Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransının «Enerji, ehtiyatlar və ətraf mühit: yeni təhlükəsizlik parametrləri» mövzusunda müzakirələrində iştirak etmişdir

 

 Almaniyada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev fevralın 3-də 48-ci Münxen Təhlükəsizlik Konfransının əsas tədbirlərindən olan "Enerji, ehtiyatlar və ətraf mühit: yeni təhlükəsizlik parametrləri" mövzusunda müzakirələrdə iştirak etmişdir. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva tədbirin iştirakçıları arasında olmuşdur.

Tədbirin aparıcısı Azərbaycan Prezidenti İlham Əliyevə və digər qonaqlara bu konfransda iştirak etdiklərinə görə minnətdarlığını bildirdi. Aparıcı Prezident İlham Əliyevi müzakirələrin əsas məruzəçisi kimi təqdim etdi.

Dövlət başçısı konfransda çıxış etdi.

Prezident İlham Əliyev Azərbaycanda neftçıxarma ənənələri haqqında danışarkən bildirdi ki, respublikamız nefti sənaye üsulu ilə hasil edən ilk ölkədir. İndi Azərbaycan neft məhsulları nəqlinin şaxələndirilməsinə xüsusi diqqət yetirir. Bununla yanaşı, nəhəng təbii qaz resurslarına malik ölkəmizin qaz ehtiyatları indi 2,5 trilyon kubmetrdən artıqdır.

Prezident İlham Əliyev ölkəmizin enerji təhlükəsizliyinin təmin olunmasına xüsusi diqqət yetirdiyini, şaxələndirilmiş neft-qaz kəmərlərinə malik Azərbaycanın öz tərəfdaşlarının enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynadığını bildirdi. 2011-ci ildə "Cənub qaz dəhlizi"nə dair Bakıda Avropa Komissiyasının sədri Xose Manuel Barrozu ilə birlikdə imzaladıqları sazişin əhəmiyyətinə toxunan dövlətimizin başçısı bildirdi ki, bu, Azərbaycan qazının Türkiyədən keçməklə Avropa bazarlarına daxil olmasına geniş imkanlar açır.

"Enerji təhlükəsizliyi indi dünyada milli təhlükəsizlik məsələsinə çevrilib", - deyən Prezident İlham Əliyev ekoloji məsələlərin həllinin də ölkəmizdə diqqət mərkəzində olduğunu, Azərbaycanın alternativ enerji mənbələrinin yaradılmasına və tətbiqinə böyük diqqət göstərdiyini bildirdi.

Dövlət başçısı dedi ki, Azərbaycan bundan sonra da tərəfdaşlarının enerji təhlükəsizliyinin təmin olunmasında yaxından iştirak edəcəkdir.

Sonra Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottinger, Ukrayna Prezideni Viktor Yanukoviç və digər qonaqlar çıxış etdilər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 4 fevral.- S.  1.