Müstəqil, güclüdemokratik Azərbaycan dövlətinin mövcudluğu və getdikcə inkişaf etməsi Xocalı şəhidlərinin ruhuna təsəllidir

 

Dəhşətli Xocalı faciəsini törətməklə ermənilər uzağa gedən taktiki məqsədlər güdürdülər. Bununla xalqımızı qorxutmaq, mübarizə əzmini qırmaq, onu tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək istəyirdilər. Lakin hiyləgər düşmən məqsədinə çata bilmədi. Xalqımız öz dövlətinin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə daha da mətinləşdi, qəhrəmanlıq və dəyanət nümayiş etdirdi.

 

Faciənin miqyasına və ağırlığına baxmayaraq, hakimiyyətdə olan qüvvələr o zaman bu qanlı cinayət barədə beynəlxalq təşkilatlara, dünya ictimaiyyətinə vaxtında lazımi məlumat verməmiş, həyəcan təbili çalmamış, əksinə, xalqın qəzəbindən və hakimiyyəti itirəcəklərindən qorxaraq əsl həqiqəti xalqdan gizlətmişlər. Müxalifətdə olan qüvvələr isə həmin dövrdə ümumxalq müsibətindən hakimiyyətə gəlmək üçün əlverişli vasitə kimi istifadə etmişdilər. Yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu qanlı cinayət siyasi-hüquqi qiymətini almış, onun dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən soyqırımı kimi tanınması üçün tədbirlər görülmüşdür.

Xocalı faciəsindən keçən illərin təcrübəsi göstərdi ki, xalqımız, ölkə ictimaiyyəti ayıq-sayıq olmalı, dezinformasiya və təxribat sahəsində böyük təcrübəsi olan ermənilərin planlarını daim ifşa etməlidir. Ermənistan dövlətinin və erməni millətçilərinin Qafqaz bölgəsində həyata keçirdikləri etnik separatizmin, başqa xalqlara qarşı nifrət və terror ideologiyasının bəşəriyyət üçün təhlükəsi açılıb göstərilməlidir. Bu sahədə bizim görəcəyimiz işlər çoxdur. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması daha səmərəli və ardıcıl aparılmalıdır. Xarici ölkələrdə getdikcə öz mövqelərini gücləndirən soydaşlarımız da bu işdə yaxından iştirak etməli, ermənilərin Azərbaycan torpaqlarında törətdikləri Xocalı soyqırımı kimi hadisələrə yaşadıqları dövlətlərdə lazımi qiymət verilməsinə çalışmalıdırlar. Düşünürəm ki, müstəqil, güclü və demokratik Azərbaycan dövlətinin mövcudluğu və getdikcə inkişaf etməsi Xocalı şəhidlərinin ruhuna təsəlli ola bilər.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

2005-ci il

 

Azərbaycan müəllimi.- 2012.- 26 fevral.- S.3.