Əsrin faciəsi

 

Tarixinin müxtəlif dönəmlərində ermənilər tərəfindən soyqırımına məruz qalan Azərbaycan xalqı növbəti belə faciə ilə 1992-ci ilin qarlı qışında Xocalıda üzləşdi. Sovet imperiyasının süqutu ilə yaranan mürəkkəb tarixi və ictimai-siyasi şəraitdə dövlət müstəqilliyini yenicə qazanan Azərbaycanın üzləşdiyi ərazi itkisi ilə yanaşı, əsrin ən dəhşətli faciələrindən birini yaşaması ölkənin yeni tarixinə qara hərflərlə yazıldı.

Xocalı soyqırımı beynəlxalq hüquq kontekstində  prokurorluq və digər hüquq-mühafizə orqanları 1988-ci ildən erməni silahlı qüvvələri tərəfindən Dağlıq Qarabağda və Azərbaycanın digər işğal olunmuş ərazilərində, həmçinin Ermənistanda saxlanılan azərbaycanlı əsir və girovlara dözülməz işgəncələr verilməsi, onların bir qisminin öldürülməsi, şikəst edilməsi, təxribat və terror aktlarının törədilməsi, əhalinin məcburi köçürülməsi, yaşayış məntəqələrində maddi sərvətlərin, tarixi mədəniyyət abidələrinin dağıdılması, habelə ermənilərin törətdikləri digər ağır cinayət faktları ilə əlaqədar ayrı-ayrı cinayət işləri açaraq istintaq aparıblar.

Xalqımıza qarşı törədilmiş ağır cinayətlərin istintaqı və onlara hüquqi qiymətin verilməsi, həmin cinayətlərin təşkili və törədilməsində iştirak etmiş təqsirkar şəxslərin müəyyənləşdirilib mövcud qanunvericiliyə əsasən cinayət məsuliyyətinə cəlb olunması, habelə beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması faktları ilə bağlı beynəlxalq təşkilatlar qarşısında müvafiq vəsatətlər qaldırılması məqsədilə 2003-cü il dekabrın 18-də Azərbaycan Respublikası baş prokurorunun, daxili işlər və milli təhlükəsizlik nazirlərinin əmri ilə birgə istintaq-əməliyyat qrupu yaradılıb. Qeyd edilən cinayətlər üzrə müxtəlif vaxtlarda icraatı dayandırılmış cinayət işləri üzrə icraat təzələnməklə istintaq aparılması həmin qrupa həvalə edilib. 2005-ci ilin may ayında  cinayət işinə prosessual rəhbərliyin həyata keçirilməsi hərbi prokurora həvalə edilib. Həmin cinayət işinin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, beynəlxalq hüquq pozmalarına və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, Cinayət Prosessual Məcəllənin tələblərinə uyğun həyata keçirilməsini, işin hərtərəfli, tam və obyektiv aparılmasını, səmərəliliyini, operativliyini təmin etmək məqsədilə müəyyən işlər görülüb, vahid istintaq-əməliyyat planı hazırlanaraq təsdiq edilib. Həmin planda cinayət işinə birləşdirilmiş hər bir iş üzrə araşdırılmalı xüsusatlar, həyata keçirilməli istintaq hərəkətlərinin tarixi ayrı-ayrı bəndlərdə öz əksini tapıb.

Cinayət təqibi üzrə toplanmış materialların həcminin böyüklüyü, şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxslərin, həmçinin araşdırılmalı olan xüsusatların sayının çoxluğu, eyni zamanda, həmin cinayətlərin törədilmə üsul və vasitələri, xarakteri nəzərə alınaraq soyqırımı, isgəncə və icraatı təzələnmiş işlər üzrə üç əsas istiqamət müəyyənləşdirilib. Qanunsuz erməni silahlı birləşmələri tərəfindən Dağlıq Qarabağda və işğal olunmuş digər ərazilərdə törədilən cinayət əməlləri 1 oktyabr 2000-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16-cı fəslində nəzərdə tutulmuş sülh və insanlıq əleyhinə cinayətlərə aid edilib. Cinayət işinin istintaqı hərbi prokurorluq orqanlarında keçirilən islahatlardan sonra daha da sürətlənib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 sentyabr 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı"na müvafiq olaraq respublikanın baş prokurorunun 30 mart 2009-cu il tarixli əmrinə əsasən, respublika Hərbi Prokurorluğunun Ağır Cinayətlərə dair İstintaq İdarəsinin tərkibində Xüsusi istintaq şöbəsi yaradılaraq yuxarıda göstərilən cinayət işinin istintaqı həmin şöbəyə həvalə edilib.

Bundan sonra beynəlxalq hüquq normalarına uyğun soyqırımı, deportasiya, işgəncə və digər epizodlar üzrə hərtərəfli istintaq hərəkətləri aparılıb, nəticədə 1 yanvar 2011-ci il tarixədək sülh və insanlıq əleyhinə müharibə cinayətləri törətmiş 239 nəfər, habelə ümumi cinayətlər kateqoriyasına aid banditizm, qəsdən adamöldürmə və digər cinayətlər törətmiş 48 nəfər, cəmi 287 nəfər barəsində təqsirləndirilən şəxs qismində cəlbetmə qərarları çıxarılıb. Məhkəmə qərarlarına əsasən, onların barələrində həbs qətimkan tədbiri seçilib, axtarışları elan edilib, bununla bağlı müvafiq sənədlərin aidiyyəti orqanlara göndərilməsi təmin olunub.

Cinayət işi üzrə keçirilmiş kompleks məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizasının rəyindən isə belə məlum olur ki, qanunsuz erməni silahlı birləşmələri tərəfindən Xocalı şəhərinin işğal edilməsi ilə əlaqədar dövlət əmlakının və xüsusi mülkiyyətdə olan əmlakın məhv edilməsi, talan edilməsi ilə bağlı Azərbaycan dövlətinə və vətəndaşlarına 140 milyon manatdan və ya 170 milyon ABŞ dollarından artıq ziyan vurulub. İş üzrə istintaq tədbirləri davam etdirilir.

Aparılan istintaqla o da  müəyyən edilib ki, beynəlxalq humanitar hüquq normalarını, insan hüquqları üzrə ən müxtəlif konvensiyaları ayaq altına atan erməni hərbi birləşmələri dinc əhalini qətlə yetirmək məqsədilə insanlığa ləkə olan ən qəddar üsullara əl atıblar. Xocalıda mülki əhalinin planlı şəkildə qətlə yetirilməsini sübut edən çoxsaylı faktlardan biri də məhz budur ki, həmin gün əhalinin zorakılıqdan qaçıb qurtarmaq istəyən dəstələri ərazidən çıxış yollarında əvvəlcədən xüsusi hazırlanmış pusqularda güllələniblər. Xocalıdan çıxan əhalinin Naxçıvanik kəndi ərazilərində pulemyot, avtomat və başqa atıcı silahlardan gülləbaran edilməsi bunu bir daha təsdiqləyir. Bütün bunlar ermənilərin 1992-ci ildə Xocalı şəhərində törətdikləri qeyri-insani hərəkətlərin kökündə məhz soyqırımı niyyətinin dayandığını aşkar surətdə üzə çıxarır.

İstintaqla o da müəyyən edilib ki, ermənilər beynəlxalq humanitar hüquqda yolverilməz sayılan soyqırımı cinayətinə şüurlu, məqsədli şəkildə, bilərəkdən əl ataraq, misli görünməmiş qətliamlar törədiblər. BMT Baş Məclisinin 1946-cı il 11 dekabr tarixli 96 saylı qətnaməsində qeyd olunur ki, genosid, insan qruplarının yaşamaq hüququnu tanımamaqla insan mənliyini təhqir edir, bəşəriyyəti insanlar tərəfindən yaradılan maddi və mənəvi dayaqlardan məhrum edir. Belə bədnam əməllər BMT-nin məqsəd və vəzifələrinə tam ziddir. BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 saylı qətnaməsi ilə qəbul edilmiş və 1961-ci ildə qüvvəyə minən "Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyada genosid cinayətinin hüquqi əsası təsbit olunub. Konvensiyaya qoşulan dövlətlər sülh və yaxud müharibə dövründə törədilməsindən asılı olmayaraq, genosidin beynəlxalq hüquq normalarını pozan cinayət olduğunu təsdiq edərək, onun qarşısının alınması və səbəbkarlarının cəzalandırılması üçün tədbirlər görməyi öhdələrinə götürüblər. Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı həmin konvensiyada təsbit olunmuş genosid cinayətini təşkil edən bütün əməllər tətbiq olunub.

Ermənistanın müharibə zamanı davranış normalarını müəyyənləşdirən beynəlxalq hüquq normalarına məhəl qoymaması ilə bağlı faktlar yalnız bütün bunlarla məhdudlaşmır. Beynəlxalq humanitar hüququn tələblərinə əsasən müharibə yalnız silahlı münaqişədə olan tərəflərin silahlı qüvvələri arasında aparılmalıdır. Mülki əhali döyüşlərdə iştirak etməməli və onlarla hörmətlə davranılmalıdır. "Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair" IV Cenevrə Konvensiyasının 3-cü maddəsinə əsasən, mülki əhalinin həyatına və təhlükəsizliyinə qəsd, o cümlədən onların hər cür öldürülməsi, şikəst edilməsi, onlarla qəddar davranış, onlara əzab və işgəncə verilməsi, insan ləyaqətinə qəsd, təhqir və alçaldıcı hərəkətlər qadağan edilir. Konvensiyanın 33-cü maddəsində qeyd olunur ki, heç bir mülki şəxs törətmədiyi hüquq pozuntusuna görə cəzalandırıla bilməz.

Mülki əhaliyə qarşı kollektiv cəza tədbirlərinin görülməsi, mülki əhalini qorxuya salmaq, onlara qarşı terror hərəkətləri, onların repressiyaya məruz qoyulması birmənalı şəkildə qadağan edilir. Həmin konvensiyanın 34-cü maddəsinə görə mülki əhalinin girov götürülməsi də qadağandır. Lakin təkcə Xocalıda mindən artıq insanı girov götürən ermənilər bu prinsipə aşkar sayğısızlıq nümayiş etdiriblər. Ermənistan silahlı qüvvələri bu hüquq normalarına məhəl qoymayaraq Xocalıda dinc əhalinin məhvi üçün qəddar üsula əl atıblar. "Soyqırımı cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında" 1948-ci il 9 dekabr tarixli konvensiyada və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103-cü maddəsində nəzərdə tutulmuş soyqırımı cinayətinin tərkibi var.

Cinayət işi öyrənilərkən müəyyən edilib ki, Xocalı soyqırımını həyata keçirən Ermənistan hərbi birləşmələri, Dağlıq Qarabağdakı silahlı separatçı birləşmələr SSRİ-nin Xankəndidə yerləşən 366-cı alayın hərbçiləri tərəfindən dünya dövlətlərinin qəbul etdiyi beynəlxalq hüquq normalarına da riayət edilməyib. 1949-cu il 12 avqust tarixli "Döyüşən silahlı qüvvələrdə yaralıların və xəstələrin vəziyyətinin yaxşılaşdırılması haqqında", "Hərbi əsirlərlə rəftar haqqında" və "Müharibə zamanı mülki əhalinin qorunması haqqında" Cenevrə konvensiyalarının müvafiq maddələrində nəzərdə tutulan - döyüş əməliyyatlarında bilavasitə iştirak etməyən şəxslərə qarşı onların həyatına və şəxsiyyətinə qəsd etmək, o cümlədən hər hansı şəraitdə öldürmək, şikəst etmək, qəddarcasına rəftar etmək və işgəncə vermək, girov götürmək, insan ləyaqətinə toxunmaq, o cümlədən təhqiramiz və alçaldıcı tərzdə rəftar etmək kimi qadağalara kobud surətdə məhəl qoyulmayıb.

366-cı alayın hərbi qulluqçularının və digər şəxslərin Xocalı soyqırımında iştirakı tam sübuta yetirilmiş, onların Azərbaycan Respublikası Cinayət Məcəlləsinin soyqırımına görə məsuliyyəti nəzərdə tutan CM-in 107-ci (əhalini deportasiya etmə və ya köçürtmə), 113-cü (işgəncə), 115.4-cü (müharibə qanunlarını və adətlərini pozma), 116.0.17-ci (zorlama, cinsi köləlik, məcburi fahişəlik, məcburi sterilizasiya, məcburi hamiləlik, habelə cinsi zorakılıqla əlaqədar başqa hərəkətlər etmə) maddələri ilə nəzərdə tutulan cinayəti etməkdə təqsirləndirilən şəxslər kimi cəlb olunmaları barədə qərarlar çıxarılıb. Həmçinin barələrində məhkəmələr tərəfindən həbs qətimkan tədbiri seçilib və beynəlxalq axtarışlarının həyata keçirilməsi üçün müvafiq sənədlər İnterpolun Azərbaycan Respublikası Milli Bürosuna göndərilib.

 

Heydər Əliyev Fondu Xocalı soyqırımının geniş dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynayır

 

Xocalı faciəsinin dünyada tanıdılması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi altında ardıcıl və sistemli tədbirlər həyata keçirilir. Hər il Prezident Administrasiyası tərəfindən tədbirlər proqramı təsdiqlənir və icra edilir. Həmçinin Azərbaycanın yeni müstəqillk tarixinə qanla yazılmış Xocalı faciəsi hər zaman ölkəmizdə, dünyanın müxtəlif dövlətlərində yaşayan soydaşlarımız və digər dost xalqların nümayəndələri tərəfindən ürək ağrısı ilə xatırlanır. Faciənin hər ildönümündə dünyanın bir çox ölkəsində Xocalı qurbanlarının əziz xatirəsi anılır, mitinqlər, piketlər keçirilir, ermənilərin vəhşiliklərini əks etdirən fotoşəkillər, filmlər, materiallar nümayiş etdirilir. Dünya ölkələrinin nüfuzlu qəzetlərində faciəyə həsr olunmuş məqalələr çap olunur, televiziya və radio kanallarında verilişlər səslənir.

Xocalı həqiqətlərinin dünyaya çatdırılması, bu həqiqətlərin beynəlxalq aləmdə yayılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində atılan addımlarda Heydər Əliyev Fondunun, şübhəsiz ki, müstəsna rolu var. Məhz bu Fondun dəstəyi ilə Xocalı faciəsinin ildönümü hər il dünyanın 100-dən artıq yerində qeyd olunur. Soyqırımına həsr olunmuş silsilə tədbirlər Fondun təmin etdiyi təbliğat materialları əsasında həyata keçirilir. Artıq Fondun gərgin fəaliyyəti sayəsində əvvəlki illərdən fərqli olaraq indi dünya ölkələri erməni qəsbkarlarının insanlığa sığmayan qətlləri haqqında daha dolğun məlumatlandırılır. Bir sıra dövlətlər, beynəlxalq təşkilatlar, nüfuzlu qurumlar bəşəriyyətə qarşı törədilmiş bu cinayətin əsl mahiyyətini anlayaraq qətliamı kəskin şəkildə pisləyirlər. Fondun həyata keçirdiyi "Qarabağ həqiqətləri" silsiləsi və işğal olunan ərazilərdə mədəni-tarixi abidələrin dağıdılması ilə bağlı ingilis dilində nəşr olunan kitab və bukletlər də xaricdə yayımlanır.

Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Təşkilatının (İKT) Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlamış "Xocalıya ədalət" kampaniyası ildən-ilə daha da genişlənməkdədir. Artıq bu aksiyaya dünyanın əksər ölkələrində yüzlərlə könüllü qoşulub.

Ümumiyyətlə, İKT-nin Dialoq və Əməkdaşlıq uğrunda Gənclər Forumu da Ermənistanın işğalçı mövqeyinin dünya miqyasında pislənməsi istiqamətində fəal iş aparır. Forum hələ 2007-ci ilin payızında Bakıda "Gənclər sivilizasiyaların alyansına tərəfdardır" təşəbbüsü çərçivəsində təsis edilmiş "Sivilizasiyaların alyansı" Beynəlxalq Gənclər Hərəkatına da müraciət edərək, ona tərəfdaşları olan nüfuzlu beynəlxalq təşkilatlar vasitəsilə Ermənistanın həm dinc azərbaycanlıların, həm də öz vətəndaşlarının qanını axıtmış sərsəm rejiminin fitnəkar hərəkətlərini dünya birliyinə çatdırmağı təklif edib. Təklifdə bu fikirlər də yer almışdı ki, Dağlıq Qarabağ münaqişəsinə potensial baxımdan sivilizasiyalararası münasibətlərin kəskinləşməsinə gətirib çıxara biləcək bir münaqişə kimi baxılsın. Ermənistanda hakimiyyətə gəlmiş S.Sarkisyanın bu cür siyasəti dünyanın enerji təhlükəsizliyi üçün mühüm rol oynayan Cənubi Qafqaz regionunda sabitliyin ciddi şəkildə pozulmasına gətirib çıxara bilər. Xatırladaq ki, onlarca ölkənin gənclər təşkilatlarını birləşdirən İKT-nin Gənclər Forumu İslam Konfransı Təşkilatının affilyasiya edilmiş təsisatının və BMT-nin "Sivilizasiyaların alyansı" qurumunun rəsmi tərəfdaşıdır.

İKT Gənclər Forumu idarə heyətinin 2008-ci ilin aprelində Küveytdə keçirilən 6-cı sessiyasında isə Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyeva Forumun mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məsələləri üzrə birinci baş əlaqələndiricisi seçildi. Bu, İKT Gənclər Forumunun Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına daha çox diqqət ayırmasında mühüm rol oynadı. Məhz bunun nəticəsi idi ki, həmin il mayın 17-də İstanbulda İKT Gənclər Forumunun və İSESKO-nun təşkilatçılığı ilə keçirilmiş İKT ekspertlərinin ikigünlük iclasında Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış "Xocalıya ədalət - Qarabağa azadlıq" kampaniyası İKT ekspertləri tərəfindən dəstəkləndi və 26 fevral - Xocalı soyqırımı gününün İKT ölkələrində humanitar fəlakətlər qurbanlarının xatirəsini anma günü kimi qeyd olunması barədə qərar qəbul olundu. Bundan əlavə, Xocalı qətliamının İslam ölkələrində dərsliklərə daxil edilməsi ilə bağlı təklifin də İKT nazirlərinin toplantısına təqdim edilməsi razılaşdırıldı. İKT-nin üzvü olan ölkələrin xarici işlər nazirlərinin Kampalada (Uqanda) başa çatmış konfransında İKT-nin Gənclər Forumunun sivilizasiyaların alyansı üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın "Xocalıya ədalət - Qarabağa azadlıq" təşəbbüsü təsdiq edildi. Bu barədə İKT xarici işlər nazirlərinin konfransının 35-ci sessiyasında xüsusi qətnamə qəbul olundu. Qətnamənin xarici işlər nazirləri tərəfindən dəstəklənməsi dünyanın 57 ölkəsində müvafiq kampaniyanın həyata keçirilməsi üçün siyasi-hüquqi baza yaradılmasına gətirib çıxardı.

Qətnaməyə görə, İKT üzvü olan ölkələrdə humanitar faciələrin qurbanlarının Xatirə günü təsis edilir. Qətnamədə Xocalı faciəsinin də daxil olduğu bu siyahı təsdiq edilməklə yanaşı, XX əsrdə müsəlman ölkələri xalqlarının məruz qaldıqları humanitar fəlakətlər, təcavüzlər və etnik təmizləmələr haqqında düzgün informasiyanın yayılması üçün kampaniyalar keçirilməsi nəzərdə tutulur.

2009-cu ilin mayında isə İKT Xarici İşlər Nazirləri Şurasının Dəməşqdə keçirilən 36-cı konfransında nazirlər Gənclər Forumu haqqında qəbul etdikləri yekun qətnamədə "Xocalıya ədalət - Qarabağa azadlıq" kampaniyasını tam dəstəkləyərək üzv ölkələri bu kampaniyada fəal iştiraka çağırmışlar.

2011-ci ilin əvvəllərində isə İslam Konfransı Təşkilatı Parlamentlər İttifaqı Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət" beynəlxalq kampaniyasına dəstək olaraq bəyannamə qəbul edib. İKT Parlamentlər İttifaqı Şurasının Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən 13-cü sessiyasında Şuraya üzv dövlətlərin qəbul etdikləri Əbu-Dabi bəyannaməsində Xocalı faciəsini insanlığa qarşı törədilmiş kütləvi cinayət kimi tanımağa çağırılır. Bu, İKT GF-nin təşəbbüsü ilə irəli sürülmüş "İKT GF və İKT Pİ arasında əməkdaşlıq haqqında" qətnamənin Şura tərəfindən təsdiqlənməsi nəticəsində baş verib. Qətnamənin 3-cü bəndində qeyd edilib ki, İKT Pİ-yə üzv parlamentlər erməni silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının Xocalı şəhərində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş kütləvi qırğını insanlığa qarşı cinayət kimi tanıyır. Sənəddə üzv dövlətlər qeyd olunan cinayətə milli səviyyədə lazımi qiymətin verilməsinə çağırılırlar. İKT Pİ Şurası Leyla xanım Əliyevanın fəaliyyətini yüksək qiymətləndirib və bu rəy qətnamədə öz əksini tapıb.

Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və hadisənin dünya ictimaiyyəti tərəfindən hüquqi-siyasi və mənəvi qiymətləndirilməsinə nail olmağa yönəlmiş "Xocalıya ədalət" beynəlxalq məlumat və təşviqat kampaniyası hazırda dünyanın bir çox ölkəsində yüzlərlə könüllü tərəfindən uğurla həyata keçirilir.

Artıq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində beynəlxalq hüquq və normaları, ədalət meyarı Azərbaycanın tərəfindədir və bunu dünya ictimaiyyəti də birmənalı olaraq qəbul edir. Beynəlxalq birliyin tamhüquqlu üzvü olan Azərbaycan hələlik münaqişənin sülh yolu ilə həlli üçün səylərin davam etdirilməsini zəruri saysa da, ərazi bütövlüyünün pozulması ilə uzun müddət barışmaq niyyətində deyil. Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev Ermənistanın münaqişənin hamılıqla qəbul olunmuş norma və prinsiplərlə həllinə razılıq verməyəcəyi, təcavüzkarlıq siyasətini davam etdirəcəyi təqdirdə, Azərbaycanın öz torpaqlarını azad etmək üçün hərbi əməliyyatlara başlayacağını qətiyyətlə bəyan edib. Bu, Azərbaycan xalqının müstəsna hüququdur və onu heç bir dövlət bu yoldan çəkindirə bilməz. Heç kimdə şübhə yoxdur ki, Ermənistan tezliklə işğal etdiyi əraziləri azad edəcək, həmçinin xalqımıza qarşı ağır cinayətlərə yol verənlər, o cümlədən Xocalı faciəsini törədənlər əvvəl-axır ədalət məhkəməsi qarşısında dayanacaqlar.

 

 

Azərbaycan.- 2012.- 29 fevral.- S.10.