Əfqanıstan bu ölkədə sülh və sabitliyin bərpası istiqamətində Azərbaycanın dəstəyini yüksək qiymətləndirir

 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iyulun 5-də Əfqanıstanın Milli Fəlakətlər İdarəçiliyinin baş direktoru Məhəmməd Daim Kakarın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Nazirliyin mətbuat xidmətindən bildirmişlər ki, Elmar Məmmədyarov Azərbaycanın Əfqanıstanda sülh və sabitliyin bərpasına tərəfdar olduğunu söyləmiş, ölkəmizin qardaş əfqan xalqına hər cür dəstək verməyə hazır olduğunu diqqətə çatdırmışdır.

Məhəmməd Daim Kakar sülh və sabitliyin bərpasında ölkəsinə verdiyi dəstəyə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirmişdir. Baş direktor bir çox sahələrdə, o cümlədən ərazilərin minalardan təmizlənməsi sahəsində Azərbaycan ilə əməkdaşlığa böyük önəm verdiklərini qeyd etmişdir. Qonaq Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin dəstəyini, xüsusilə də əfqanıstanlı ekspertlər üçün bu sahədə təlimlərin keçirilməsini yüksək qiymətləndirmişdir.

Görüşdə həmçinin fövqəladə halların, xüsusən də fəlakət və sel daşqınlarının qarşısının alınması  və nəticələrinin aradan qaldırılması sahəsində iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi yolları müzakirə olunmuşdur.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 6 iyul.- S. 5.