Bakıda Kreativ nəsil: Gələcək bu gün yaranır mövzusunda milli müzakirə aparılmışdır

 

İyulun 5-də Bakıda Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM), Gənclər və İdman Nazirliyi və Azərbaycan Gənclər Fondunun birgə təşkilatçılığı ilə "Kreativ nəsil: Gələcək bu gün yaranır" mövzusunda milli müzakirə keçirilmişdir.

AzərTAc xəbər verir ki, SAM-ın direktoru Fərhad Məmmədov  bildirmişdir ki, tədbirin keçirilməsində məqsəd yeniləşən Azərbaycan gəncinin gələcəyə baxışının formalaşması ilə bağlı müzakirələr aparmaqdır.

F.Məmmədov qeyd etmişdir ki, bir neçə həftə əvvəl Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin mətbuatda bununla bağlı "XXI əsrdə Azərbaycan ideyası kreativ millət kontekstində" adlı fundamental əsəri dərc olunmuşdur. Bu, həmin əsərlə bağlı ilk ictimai müzakirədir. Bu müzakirələri ilk olaraq gənclərin aparması təqdirəlayiq haldır. Çünki  hazırda ölkə əhalisinin 60 faizindən çoxunu gənclər təşkil edir. Təbii ki, sonra bu müzakirələr elmi ictimaiyyət, vətəndaş cəmiyyəti qurumları tərəfindən aparılacaqdır. Akademik Ramiz Mehdiyevin yeni əsərində Azərbaycanda dövlət və vətəndaş cəmiyyəti quruculuğunun müasir mərhələdə çox aktual məsələləri şərh olunmuşdur.

SAM-ın direktoru  tədbirdə, ilk növbədə, Azərbaycanın yeni postmodern cəmiyyətə keçidi, modernləşmənin iqtisadi, siyasi, sosial  tərəfləri və bütün bu proseslərdə gənclərin rolu və vəzifəsi məsələlərinin müzakirə ediləcəyini, gənclər tərəfindən səslənən təkliflərin ümumiləşdirilərək Prezident Administrasiyasına təqdim olunacağını bildirmişdir.

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Bakı Slavyan Universitetinin rektoru Kamal Abdullayev bildirmişdir ki, akademik Ramiz Mehdiyevin yeni fundamental əsərində Heydər Əliyevin əsasını qoyduğu strategiyanın, Prezident İlham Əliyevin bugünkü və gələcək siyasətinin ciddi elmi təhlili aparılmışdır. Rektor K.Abdullayev akademik Ramiz Mehdiyevin "XXI əsrdə Azərbaycan ideyası kreativ millət kontekstində" əsərini oxucularla səmimi söhbət kimi dəyərləndirmişdir. Rektor Azərbaycan dilinin mövcud vəziyyətinə toxunaraq demişdir ki, dil cəmiyyətin həssas tərəfidir. Azərbaycan dilinin hazırkı problemləri hamını narahat edir. Bu problemlər və onun həlli yolları yeni hazırlanacaq dövlət proqramında tam əks olunacaqdır.

Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq yazıçısı Çingiz Abdullayev və digər  çıxış edənlər də keçirilən müzakirənin vacibliyini vurğulamışlar.

Daha sonra müzakirələr sessiyalarda davam etdirilmişdir.  Gənclər mövzu ilə bağlı fikirlərini bildirmiş, faydalı dialoq aparmışlar.

 

 

Azərbaycan.- 2012.- 6 iyul.- S. 6.