Azərbaycan ilə Bolqarıstan arasında mədəniyyət və turizm sahələrində əməkdaşlığın perspektivləri müzakirə edilmişdir

 

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iyulun 5-6-da Bolqarıstanda səfərdə olmuşdur. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Əbülfəs Qarayev Bolqarıstan Xalq Məclisinin sədri xanım Tsetska Tsaçeva ilə görüşmüş, burada Azərbaycan və Bolqarıstan arasında diplomatik əlaqələrin qurulmasının 20-ci ildönümünə həsr olunmuş bədii sərginin açılışında iştirak etmişdir.

 İki ölkənin parlamentlərində fəaliyyət göstərən dostluq qruplarının və Sofiyadakı səfirliyimizin təşkilatçılığı ilə gerçəkləşən mərasimdə Bolqarıstan Xalq Məclisinin sədri Tsetska Tsaçeva, sədr müavinləri, hökumət rəsmiləri, parlamentlərarası dostluq qrupunun Azərbaycan tərəfindən həmsədri Siyavuş Novruzov, Milli Məclisin deputatları Mahir Aslanov, Rauf Əliyev, Azərbaycanın Bolqarıstandakı səfiri Emil Kərimov iştirak etmişlər.

Tədbir iştirakçıları Bolqarıstan Dövlət Arxiv Agentliyi tərəfindən təqdim edilmiş Azərbaycan ilə bağlı tarixi sənədlər, yüksək səviyyəli qarşılıqlı səfərləri əks etdirən fotoşəkillər və müxtəlif materiallarla tanış olmuşlar. Mərasimdə tanınmış Bolqarıstan bəstəkarı M.Lambovun rəhbərliyi ilə məşhur "Sofiya" kvartetinin ifasında Azərbaycanın xalq mahnıları səslənmişdir. Qonaqlara Azərbaycan mətbəxinin ləziz nümunələri təqdim olunmuş, ölkəmizin tarixi, mədəniyyəti, iqtisadiyyatı, turizm potensialı ilə bağlı materiallar nümayiş etdirilmişdir.

Səfər çərçivəsində Əbülfəs Qarayev Bolqarıstanın iqtisadiyyat, energetikaturizm naziri Delyan Dobrevbu ölkənin mədəniyyət naziri Vejdi Rəşidovla görüşlər keçirmişdir.

Görüşlərdə turizm sahəsində əməkdaşlıq, təcrübə mübadiləsi, iki ölkədə qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi, kinematoqrafiya sahəsində əməkdaşlığın genişləndirilməsi və digər məsələlər müzakirə edilmişdir.

Səfər çərçivəsində nazir həmçinin Bolqarıstanın Milli Tarix Muzeyi ilə tanış olmuşdur.

 

 

Azərbaycan.- 2012.- 8 iyul.- S. 5.