Musiqi tariximizlə bağlı qiymətli kitab

 

 Görkəmli alimictimai xadim, Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Rafael Hüseynovun "Hamısı ulduz. Musiqi tariximizin səhifələri" adlı yeni kitabı çapdan çıxmışdır.

AzərTAc xəbər verir ki,  888 səhifəlik, 55 çap vərəqindən artıq olan bu sanballı kitabı "Elm və təhsil" nəşriyyatı nəfis tərtibatla buraxmışdır.

Yeni kitabda Azərbaycan musiqi tarixində silinməz izlər qoymuş görkəmli sənətkarların ömür və sənət yolları haqqında toplanmış  yazılar Rafael Hüseynovun 30 ildən artıq bir müddətdə apardığı tədqiqatların, çoxlu sayda əlyazmaların, arxiv materiallarının öyrənilməsi, eləcə də sənət xadimlərimizlə müntəzəm ünsiyyət və müsahibələrinin bəhrəsi kimi meydana gəlmişdir.

Kitabın redaktorları SSRİ xalq artisti, professor Fərhad Bədəlbəyli və akademik Teymur Bünyadovdur.

Milli musiqimizin, muğam sənətimizin mahir ifaçıları və biliciləri olmuş Qurban Pirimov, Xan Şuşinski, Zülfü Adıgözəlov kimi korifeylərlə yanaşı, kitabda digər janrlara və onların ifaçılarına da yer ayrılır, opera və estradamızın Rübabə Muradova, Şövkət Ələkbərova kimi böyük ustadlarından bəhs edilir. Azərbaycan caz musiqisinin beşiyi başında duranlardan olan alt-saksofonçu Pərviz Rüstəmbəyovun qısa, amma sənət nailiyyətləri baxımından zəngin və təəssüflər ki, faciəli sonluqla tamamlanan portretinin fonunda müəllif həm də bu musiqi janrının ölkəmizdəki tarixi yolunun aydın mənzərəsini yaradır.

Məşhur xanəndə Hacıbaba Hüseynov qədim muğamlarımızın misilsiz ifaçısı olmaqla yanaşı, həm də istedadlı qəzəlxan idi. O, zərif qəzəllərini yalnız özü ifa etmirdi, eyni zamanda, həmin şeirlər bir sıra başqa xanəndələrin də repertuarında yer tutmaqdadır. "Hamısı ulduz" kitabının ən böyük fəsillərindən biri ustad xanəndə Hacıbaba Hüseynovun muğam və qəzəl yaradıcılığına həsr edilmişdir. Burada unudulmaz sənətkarın mənalı ömrünün geniş kütlələrə az məlum olan bir çox maraqlı təfərrüatları barədə söz açılır.

Dahi Üzeyir Hacıbəylinin məsləkdaşı və silahdaşı olmuş, onunla birgə müasir peşəkar Azərbaycan musiqisinin təməllərini yaratmış Müslüm Maqomayevin həyat və yaradıcılıq yolu nadir arxiv sənədləri, müasirlərinin xatirələri əsasında yazılmış "Yaşıl yarpaq" əsərində izlənilir. Əsərə xüsusi inandırıcılıq verən digər xüsusiyyət isə ondan ibarətdir ki, müəllif Müslüm Maqomayevin bilavasitə öz qələmindən çıxmış gündəliklərindən, övladları və dostları ilə məktublaşmalarından da geniş istifadə etmişdir.

R.Hüseynovun oxuculara yaxşı məlum olan yazı üslubuna hadisələrin təqdimatındakı reallıq xasdır. "Hamısı ulduz" kitabında həmin keyfiyyəti bir qədər də qabarıq edən əvvəldən sonadək yazıları müşayiət edən nadir fotolar, afişalar, konsert və tamaşaların proqramları, əlyazmaları, rəsmlərin reproduksiyalarıdır. Bu sənədlər uzun illərin araşdırmaları nəticəsində Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyindən, Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivindən, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutundan, Milli Təhlükəsizlik Nazirliyinin arxivindən, ayrı-ayrı ailələrdən və digər mənbələrdən toplanmışdır.

"Səma kimi Azərbaycan" müqəddiməsi ilə başlanan, "Ustadlar", "Sığmazlıq", "Çərçivə", "Təməllər" və "Yuva" adlı beş fəsli əhatə edən "Hamısı ulduz" kitabı xalq musiqimizin tarixionun əbədiyaşar ifaçıları haqqında qiymətli mənbədir. Kitab musiqişünaslar, sənət tarixçiləri və ən geniş oxucu kütlələri üçün nəzərdə tutulmuşdur.

 

 

Azərbaycan.- 2012.- 8 iyul.- S. 6.