Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 8-də Rusiya Federasiyası Dövlət Dumasının sədri Sergey Narışkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Dövlət başçısı Krasnodar diyarında daşqınlar nəticəsində çoxsaylı insan tələfatına səbəb olmuş faciə ilə əlaqədar Rusiya Federasiyası Dövlət Dumasının sədri Sergey Narışkinə və bütün Rusiya xalqına başsağlığını çatdırdı.

Rusiya Federasiyası Dövlət Dumasının sədri kimi yüksək dövlət vəzifəsinə seçilməsi münasibətilə Sergey Narışkini təbrik edən Prezident İlham Əliyev onun ilk xarici səfərlərindən birini Azərbaycana etməsindən məmnunluğunu bildirdibunu ölkələrimiz arasında bütün istiqamətlərdə, o cümlədən parlamentlərarası və digər sahələrdə mövcud uğurlu əməkdaşlığın təzahürü kimi dəyərləndirdi.

Dövlət başçısı Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin dinamik inkişaf etdiyinibu münasibətlərin çoxəsrlik əməkdaşlıq tarixinə, dostluq və qarşılıqlı dəstəyə əsaslandığını vurğuladı.

Prezident İlham Əliyev Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinin Azərbaycana səfərinin ölkələrimiz arasında qarşılıqlı siyasi əlaqələrin, iqtisadi, humanitar, parlamentlərarası və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı məsələlərin müzakirəsi baxımından önəmini qeyd etdi. Dövlət başçısı səfərin uğurlu olacağına əminliyini bildirdi.

Rusiya Federasiyası Dövlət Dumasının sədri Sergey Narışkin Krasnodar diyarında daşqınlar nəticəsində çoxsaylı insan tələfatına səbəb olmuş faciə ilə əlaqədar verdiyi başsağlığına görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.

Azərbaycan Milli Məclisinin dəvətinə əsasən  Rusiya Federasiyası Dövlət Dumasının sədri vəzifəsində ilk dəfə olaraq böyük parlament nümayəndə heyəti ilə respublikamıza səfər etdiyini vurğulayan Sergey Narışkin ölkələrimizin parlamentləri arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu dedibu əməkdaşlığı daha da möhkəmləndirməyin önəmini qeyd etdi.

 

* * *

 

Görüşdən sonra Rusiya Federasiyası Dövlət Dumasının sədri Sergey Narışkinin və Rusiya Federasiyası Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyun təltif edilməsi mərasimi olmuşdur. 

Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sergey Narışkinin Rusiya Federasiyası Baş nazirinin müavini, hökumətlərarası birgə komissiyanın həmsədri, Rusiya Federasiyası Prezidenti Administrasiyasının rəhbəri vəzifələrində çalışarkən, hazırda isə Rusiya Federasiyası Dövlət Dumasının sədri kimi ölkələrimiz arasında münasibətlərin bütün istiqamətlərdə, o cümlədən iqtisadi, humanitar və digər sahələrdə daha da möhkəmləndirilməsi işində fəal rol oynadığını xüsusi vurğuladı.

Dövlət başçısı bildirdi ki, Sergey Narışkinin rəhbərliyi ilə hökumətlərarası birgə komissiya səmərəli fəaliyyət göstərərək iqtisadi xarakterli mühüm məsələlərin həllinə nail olub. Prezident İlham Əliyev qeyd etdi ki, həmçinin Sergey Narışkinin uğurlu fəaliyyəti nəticəsində Rusiya-Azərbaycan humanitar forumu Beynəlxalq Humanitar Foruma çevrilib, Moskva Dövlət Universitetinin Bakı filialı fəaliyyətə başlayıb. Dövlət başçısı Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlətlərarası əlaqələrin inkişafında və möhkəmləndirilməsi işində xüsusi xidmətlərinə görə Sergey Narışkinin Azərbaycanın yüksək mükafatlarından birinə - "Dostluq" ordeninə layiq görüldüyünü dedi və mükafatı ona təqdim etdi.

Sergey Narışkin Azərbaycanın yüksək mükafatlarından birinə - "Dostluq" ordeninə layiq görülməsini Azərbaycan ilə Rusiya arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi işinə verilən qiymət kimi dəyərləndirdi. O, bu əməkdaşlığın və dostluğun gələcək illərdə də davam etdirilməsi işində səylərini əsirgəməyəcəyini vurğuladı.

Ölkələrimiz arasında humanitar sahədə əməkdaşlığın mühüm əhəmiyyətə malik olduğunu bildirən Prezident İlham Əliyev Rusiya Federasiyası Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyun uzun illər bu sahədə ölkələrimizin və xalqlarımızın yaxınlaşması istiqamətində fəal işlər apardığını qeyd etdi. Dövlət başçısı Mixail Şvıdkoyun MDB ölkələri çərçivəsində həyata keçirilən bütün humanitar layihələrdə fəal iştirak etdiyini vurğuladı.

Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında mədəni əlaqələrin möhkəmləndirilməsi işində göstərdiyi xüsusi xidmətlərə görə Mixail Şvıdkoyun da Azərbaycanın yüksək mükafatına - "Dostluq" ordeninə layiq görüldüyünü dedi və mükafatı ona təqdim etdi.

Rusiya Federasiyası Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy Azərbaycanın yüksək mükafatına - "Dostluq" ordeninə layiq görülməsindən böyük şərəf hissi keçirdiyini dedi. O, Azərbaycan və Rusiya xalqları arasında yaxşı münasibətlərin mövcudluğundan məmnunluğunu bildirdi. Mixail Şvıdkoy Azərbaycanda rusların özlərini doğma vətənlərindəki kimi rahat hiss etdiklərini, azərbaycanlıların isə Rusiyanın həyatında mühüm rol oynadıqlarını vurğuladı.

Sonda xatirə şəkli çəkdirildi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 10 iyul.- S. 1.