Rusiya Federasiyası Dövlət Dumasının sədri Sergey Narışkin Bakı və Azərbaycan Yeparxiyasının yepiskopu ilə görüşmüşdür

 

 Ölkəmizdə rəsmi səfərdə olan Rusiya Federasiyası Dövlət Dumasının sədri Sergey Narışkin Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının yepiskopu Aleksandr İşein ilə görüşmüşdür.

Müqəddəs Mirodaşıyan Zövcələr kafedral kilsəsində keçirilən görüşdə Aleksandr İşein qonağı səmimi salamlayaraq Azərbaycanda pravoslavlığın və məbədin tarixi, ölkədə ənənəvi tolerantlıq, iki ölkənin din xadimləri arasında əlaqələr barədə məlumat vermişdir.

Kafedral kilsənin binası 1909-cu ildə Azərbaycan xalqının görkəmli oğlu, mesenat Hacı Zeynalabdin Tağıyevin dəstəyi və şəxsi ianələr hesabına əvvəlcə taxtadan, sonra isə daşdan tikilmişdir.

Kafedral kilsə ikinci dəfə azərbaycanlı mesenatsahibkar Aydın Qurbanovun səyləri sayəsində bərpa olunmuşdur. Onun vəsaiti hesabına məbəddə əsaslı təmir-bərpa işləri aparılmış, daş oyma ikonostas tikilmiş, lazımi kilsə avadanlığı alınmışdır.

Məbədin 2003-cü il martın 24-də təntənəli açılış mərasimində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev iştirak etmişdir.

Kafedral kilsədə Konstantinopol patriarxı I Varfolomey, Rus Pravoslav Kilsəsinin rəhbəri II Aleksiy, Bütün Gürcüstanın Katolikos-Patriarxı II İlya olmuşlar.

Bakı və Azərbaycan Yeparxiyasının başçısı Sergey Narışkini Rusiya Federasiyası Dövlət Dumasının sədri seçilməsi və Azərbaycanın ali mükafatı - "Dostluq" ordeni ilə təltif olunması münasibətilə təbrik etmişdir.

Aleksandr İşein qonağa Bakıda Azərbaycan və rus dillərində nəşr edilmiş "Patriarx Kirill" kitabını hədiyyə etmişdir. Kitaba ön sözü Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə yazmışdır.

Sergey Narışkin səmimi sözlərə görə təşəkkürünü bildirmiş, Nikolay Çudotvoresin ikonasını məbədə hədiyyə etmiş, Fəxri qonaqlar kitabına ürək sözlərini yazmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 10 iyul.- S. 3.