Krans Montana Forumunun mükafatlandırma mərasimi olmuşdur

 

İyunun 30-da Bakıda Krans Montana Forumunun bağlanışında mükafatlandırma mərasimi keçirilmişdir.

AzərTAc xəbər verir ki, mərasimdə çıxış edən Krans Montana Forumunun təsisçisi və prezidenti, səfir Jan Pol Karteron tədbirin yüksək səviyyədə keçirildiyini bildirmiş və bu forumda çox mühüm məsələlərin müzakirə edildiyini demişdir. Jan Pol Karteron Krans Montana Forumunun Bakıda yüksək səviyyədə təşkilinə görə Azərbaycan Prezidenti İlham Əliyevə və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirmişdir.

Sonra Jan Pol Karteron forumun ideyalarına sadiqliyinə görə Niger Prezidenti Mahamadu İssufunu, Birləşmiş Ərəb Əmirliklərinin Füceyra Əmirliyinin şahzadəsi Şeyx Məhəmməd Hamad bin Məhəmməd əl Şərqini, İraqın Baş nazirinin müavini Nuri Şavaysı, Namibiyanın keçmiş Baş naziri Heyç Geynqodu, ALECSO-nun baş katibi Məhəmməd əl Əziz bin Axouru və İçikoviç Ailə Fondunun təsisçisi və sədri İvor İçikoviçi mükafatlandırmışdır.

Mükafata layiq görülənlər onların fəaliyyətinə verilən yüksək qiymətə görə minnətdarlıqlarını bildirmişlər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 1 iyul.- S. 7.