Layiqli töhfə

 

 Dünya xalqlarının milli musiqi mədəniyyətləri sırasında Azərbaycanın ozan-aşıq və muğam qədər bədii-estetik, mənəvi dəyərlərinə və fəlsəfi mahiyyətinə görə unikal sənət növü yoxdur desək, mübaliğə etmərik. UNESCO-nun, İSESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın muğamla bağlı fikirləri ümumilikdə bu sənətləri yaşadanlara, onların tarixini, təbliğini həyata keçirən musiqişünaslara işin hansı şəkildə qurulması üçün bir növ istiqamət göstərici proqramdır. Bəli, məni də bir musiqişünas-filosof kimi muğamların fəlsəfəsi daim düşündürmüşbu unikal sənət haqqında əsl musiqişünas-filosof sözünün deyilməsi zərurətinin çoxdan vaxtı çatdığı fikri tez-tez narahat edirdi.

Etiraf edək ki, muğam fəlsəfəsini yazmaq, onun mahiyyətini açmaq olduqca mürəkkəb və çətindir. Çünki muğamı gözəl bilənlər fəlsəfəni də bir elm kimi dərindən bilməli və ya fəlsəfəni bilənlər isə muğamı bir sənət abidəsi kimi praktiki cəhətdən mükəmməl bilməlidirlər ki, nəticədə sanballı elmi əsəri ortaya çıxara bilsinlər. Muğamın fəlsəfəsini bəzi filosoflar kimi fəlsəfi terminləri, ibarələri, "söz oynatmalarını" ümumiləşdirməklə söyləmək olmaz. Muğamların tarixini, nəzəri aspektlərini, həmçinin fəlsəfəni dərindən bilmədən muğam fəlsəfəsini yazmaq mümkün deyil. Bu baxımdan haqqında söhbət açdığımız Rafiq İmraninin "Muğam fəlsəfəsi" fundamental əsəri müasir Azərbaycanın musiqişünaslıq və fəlsəfə elmi üçün layiqli töhfədir. Görünür, Mehriban xanım Əliyevanın "məqsədimiz muğamı qoruyub saxlamaq, onu inkişaf etdirmək, onun gözəl və dərin fəlsəfəsini gələcək nəsillərə və bütün dünyaya çatdırmaqdır" - kəlamı əsərin müəllifini bu mövzuya müraciət etməsinə sövq etmişo, sözün əsl mənasında, elmdə yeni söz olan bu gözəl fundamental əsəri Azərbaycan dövlətçiliyinin memarı, ulu öndər Heydər Əliyevin əziz xatirəsinə və Azərbaycan musiqi mədəniyyətinin, xüsusilə də muğam və aşıq sənətlərinin inkişafında böyük işlər görmüş Mehriban xanım Əliyevaya ithaf etmişdir. Azərbaycanda Mehriban xanım Əliyevanın dəstəyi ilə muğam və aşıq sənətləri praktiki cəhətdən həqiqi mənada yüksək inkişafa cəlb edilib.

Rafiq İmraninin "Muğam fəlsəfəsi" əsərini Azərbaycan xalq musiqi yaradıcılığının ensiklopediyası kimi də qiymətləndirmək olar. Əsərdə müəllif muğam və aşıq sənətlərinin genetik köklərinin çox-çox uzaqlara getdiyini, minilliklərin süzgəcindən keçdiyini, müxtəlif sivilizasiyalarla, milli mədəniyyətlərlə qarşılıqlı əlaqədə inkişaf etdiyini sübut etməyə çalışıb və bu yolda zəngin elmi, tarixi, etnoqrafik və təbiidir ki, musiqişünaslıq (həm Qərb, həm də Şərq) əsərlərinə müracət edib. Müəllifin əsasən ərəb, fars, türk dillərində yazılmış orijinal qədim və müasir elmi ədəbiyyata müraciət etməsi bir daha onun müddəalarının məntiqi, inandırıcı olmasına dəlalət edir. Rafiq İmraninin ortaya qoyduğu əsas müddəa isə olduqca orijinal, yəni muğam sənətinin meydana gəlməsi xalqımızın bədii, musiqi şüurunun məhsulu olmasını bəyan etməkdir. Əsəri oxuduqca anlayırsan ki, müəllif özü üçün daha müasir və digər tədqiqatçılarımızdan fərqlənən bir tədqiqat metoduna müraciət etmişdir. Etiraf edək ki, musiqişünas-alimlərimizin əsərlərində son zamanlar təkrarçılığa, doqmatizmə empirik örnəkləri gerçək elmi-tədqiqat işləri kimi təqdim etmək meyillərinə rast gəlinir. Haqqında söz açdığımız əsərdə isə biz əksinə, müəllifin bu stereotiplərdən çox-çox uzaq olmasını aydın bir şəkildə hiss edirik. Rafiq İmrani bəziləri kimi dahi bəstəkarımız, musiqi nəzəriyyəçimiz Üzeyir Hacıbəylinin xalq musiqimiz ilə əlaqədar müddəalarını donmuş, statik qayda-qanunlar olaraq görmür, əksinə, müasir mərhələdə onların daha da inkişaf etdirilməsinə çalışır. Əldə olunan yeni elmi-nəzəriyyəni ədəbiyyata, muğamlarımızın tarixi inkişaf prosesinə uyğun olaraq və onları diqqətə alaraq Üzeyir bəyin fikir və mülahizələrini daha yüksək zirvəyə qaldırmaq, musiqi əsərlərinin təhlilində bir daha bu yüksəklikdən onlara münasibət bəslənilməsinə nail olmağın aktuallığını qarşıya qoya bilir. Əsərin ən önəmli cəhətlərindən biriodur ki, burada müəllif klassik muğam yaradıcılığını sosial-mədəni hadisə kimi araşdırmağı önəmli sayır. Zənnimizcə, muğamlarımızın belə bir metodla tədqiq olunması ilə ilk dəfə olaraq rastlaşırıq. Müəllif, əslində, belə bir çoxyönlü, kompleks şəklində gözə çarpan araşdırma ilə dar musiqişünas tədqiqat üsulunun çərçivələrindən kənara çıxmağa, digər elmi fəaliyyət sahələrinə (tarix, etnoqrafiya, etnopsixologiyapaleoqrafik musiqis.) müraciət etməyin önəmli olmasını ispatlamağa çalışır. Rafiq İmrani bütün bunlarla birlikdə muğamlarımızın bədii biçimə və fəlsəfi dərinliyə malik bir sənət abidəsi olmasını göstərməkdən ötəri fəlsəfənin bir çox dialektik qanun və kateqoriyalarına müraciət edir, onların xüsusiyyətlərini və əsas prinsiplərini muğamlarımızda da müəyyən etməyə çalışır. Əslində, bu qəbildən olan tədqiqatlarda muğamlarımızın potensial bədii-estetik və fəlsəfi məna və dəyərini üzə çıxarmaq amacı ilə edilməsini unutmamaq lazımdır. Müəllif burada qədim ozan-aşıq yaradıcılığının spesifik cəhətlərinə, xüsusilə də musiqi dili, təsvir-ifadə vasitələri, ifa tərzləri, sazın pərdələrinin quruluşu, xarakterik səslənmə, daha doğrusu, spesifik səs sisteminə diqqət yetirirbu qanunauyğunluqları klassik muğamlarımızda aramağa səy göstərir. R.İmrani bu qəbildən olan orijinal araşdırmalarla klassik muğamlarımızın, əslində, genetik tarixi köklərinin məhz xalqımızın qədim ozan-aşıq sənəti ilə bağlı olmasını daha məntiqi bilir.

Bir çox dərin məzmunlu elmi-nəzəri fikir və mülahizələri və monoqrafiyaları ilə, məsələn, "Muğam tarixi" (I cild Bakı, Elm, 1998), "Muğam şumer dövründən başlayır" (Bakı, Elm, 1999), "Azərbaycan musiqi tarixi" (I cild, ən qədim dövrlərdən b.e. qədər) və b. tanınan istedadlı musiqişünas-alim Rafiq İmraninin "Muğam fəlsəfəsi" fundamental əsərinin bir daha mütəxəssislərlə birlikdə muğamsevərlərimizin, oxucuların, xüsusilə də muğam ifaçılarının dərin marağına səbəb olacağına inanırıq. Kitabdan klassik muğamlarımıza aid geniş tarixi-nəzəri məlumatlar almaq mümkündür. Deyilən fikirləri ümumiləşdirərək qeyd edək ki, "Muğam fəlsəfəsi" əsəri həm musiqişünaslıq, həm də fəlsəfə elmində yeni sözdür. Bu əsər dünya arenasına çıxa biləcək əsər olduğu üçün onun xarici dillərdə çap olunması zəruridir. Azərbaycan muğam və aşıq sənətlərinin beynəlxalq səviyyədə təbliği üçün bu əsər tarixi faktlara söykənən əvəzsiz elmi mənbədir.

 

 

Babək QURBANOV,

fəlsəfə elmləri doktoru,

professor, Azərbaycan

Bəstəkarlar İttifaqının üzvü

 

Azərbaycan.- 2012.- 10 iyul.- S. 7.