Azərikimya İB-də almaniyalı mütəxəssislərlə görüş keçirilmişdir

 

"Azərikimya" İstehsalat Birliyində PPP (İctimai Özəl Əməkdaşlıq) layihəsi çərçivəsində Almaniyanın GİCON şirkəti arasında bağlanmış ikiillik sazişə uyğun olaraq, "Çirkləndirilmiş ərazilərdə təhlükə risklərinin qiymətləndirilməsi" istiqamətində görülən işlərlə bağlı təqdimat-hesabat keçirilmişdir.

Tədbirdə GİCON şirkətinin tullantılar və çirklənmiş ərazilərin təmizlənməsinin idarə olunması şöbəsinin müdiri Matias du Puits, ARDNŞ-nin Ekologiya İdarəsinin rəisi Azər Əliyev, ekspert Hartmut Junqe, mütəxəssis Jana Ziemer, layihə bürosunun rəhbəri Səkinə Məhərrəmova, eləcə də "Azəri Fugro" şirkəti mütəxəssislərinin və "Azərikimya" İB nümayəndələrinin  ərazilərdə təhlükə risklərinin qiymətləndirilməsi və torpaqların geofiziki tədqiqatı istiqamətində görülən işlərlə bağlı məlumatları dinlənilib. Qeyd edildi ki, GİCON şirkətinin mütəxəssisləri tərəfindən ilkin müşahidə üçün pilot layihə üzrə seçilmiş 2 ərazidə torpaqların çirklənmə ehtimalı araşdırılmışdır. Təqdimat-hesabatda layihələr çərçivəsində görülən işlərlə əlaqədar müzakirə və təhlillərin mütəmadi olaraq davam etdirilməsi qərara alınmışdır.

Onu da qeyd edək ki, GİCON şirkəti 20 ildən artıqdır xüsusi tullantıların zərərsizləşdirilməsi, çirklənmiş torpaqların təmizlənməsi üçün rəylərin hazırlanması, torpağın, qrunt sularının və havanın çirklənmə səviyyəsinin müəyyənləşdirilməsi, həmçinin layihələrin planlaşdırılması və nəticələrin yoxlanması üzrə fəaliyyət göstərir.

 

 

Akif ƏLİYEV

 

Azərbaycan.- 2012.- 10 iyul.- S. 8.