Ölməz ədəbi şəxsiyyətlərimizi bizə yenidən tanıdan əsər

 

 Azərbaycan ədəbiyyatı və mədəniyyəti ilə əlaqədar bir sıra dəyərli araşdırmaların müəllifi olan görkəmli ictimai xadimalim, Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, filologiya elmləri doktoru, professor Rafael Hüseynovun "Söz heykəli" adlı yeni kitabı işıq üzü görmüşdür.

"Elm və təhsil" nəşriyyatının nəfis tərtibatla çap etdiyi bu kitabın elmi redaktoru akademik Ağamusa Axundovdur.

AzərTAc xəbər verir ki, 732-ci ildə Orxon daş kitabələrində əksini tapmış müdrik "Əbədi abidə tikdim, yazı yazdım" aforizmini epiqraf götürmüş müəllif 51 çap vərəqi həcmində olan, 816 səhifəlik əsərində əvvəldən sona qədər o şəxsiyyət və o abidələrdən bəhs edir ki, məhz onların hər biri tarixdə yaşamaq haqqı qazanmışdır.

"Abidə ədiblər, əbədi sözlər" adlı müqəddimədə Rafael Hüseynov Azərbaycanda Mirzə Ələkbər Sabirə 1922-ci ildə ucaldılmış ilk şair heykəlindən başlayaraq sonrakı dövrlərdə yaradılmış ədib heykəlləri ilə bağlı maraqlı təfərrüatları diqqətə çatdırır. Kitabın "Sözün sərhədi", "Diri söz", "Söz ağrısı", "Söz yükü", "Qala söz" ünvanlı fəsillərində dilimizin, ədəbiyyatımızın, mənəvi sərvətlərimizin tarix sınaqlarından keçərkən üzləşdiyi çətinliklər və qazandığı zəfərlərdən bəhs edilir.

Azərbaycan ədəbiyyatı tariximilli ədəbiyyatşünaslığımızın müxtəlif dövrlərinin görkəmli simalarını qovuşduran kitabın ana xəttini bədii sözün əbədiyyətinə inam duyğusu təşkil edir. Tarixçiliklə şairliyin sərhədində qərar tutmuş  XI əsrin böyük qəsidəçisi Qətran Təbrizi, elmlə şeirin kəsişəcəyində dayanmış XII əsr mütəfəkkiri Fələki Şirvani və XIII əsrdə ömür sürmüş Nəsirəddin Tusi, yaradıcılığı altı dilə sığmış XIII əsrin və sonrakı bütün dövrlərin nadir sənətkarı Zülfiqar Şirvani, dövlət adamı, sərkərdə-şair XVI əsrdə parlayan Məhəmməd Bayram xan zamanın sərt imtahanlarına dözmüş söz qalaları hörmüşlər.

 Onsəkkizinci yüzilliyin az tanınan və ədəbi irsinin bir sıra nümunələri də elə bu kitabda ilk dəfə ictimaiyyətə çatdırılan Şakir Şirvanini unuduluşdan xilas edərək ona dirilik bəxş edən məhz yadigar qoyub getdiyi irs olduğu kimi, Saib Təbrizi, Abbasqulu ağa Bakıxanov, Abbas Səhhət, Seyid Hüseyn, Mikayıl Müşfiq, Əlağa Vahid kimi sənətkarları da daimi müasirimiz edən onların parlaq yaradıcılıqlarıdır. Kitabdakı düşüncələrdə hər kəsə tanış olan bu qüdrətli qələm sahiblərinin həyat yollarının naməlum epizodları fonunda onların əsərləri fərqli baxış bucağından seyr edilir.

Firidun bəy Köçərli, Həmid Araslı, Məmmədağa Sultanov, Əkrəm Cəfər kimi böyük alimlərin və millət xadimlərinin haqqında yalnız seçkin ədəbiyyatşünaslar kimi bəhs edilmir, təkcə onların əsərlərinin təhlili diqqətdə saxlanılmır, həm də bu ölməz simaların xalqın sərvətlərini qorumaq, Azərbaycanı daha artıq tanıtmaq və yüksəltmək naminə fədakar əməklərindən söz açılır.

London Universitetinin professoru olmuş, dünya türkologiyasında aparıcı mövqe tutmuş, Avropanın bir sıra ölkələrində Azərbaycanşünas alimlər yetişdirmiş Turxan Gəncəyinin həyat yolu və qiymətli tədqiqatları fonunda müəllif həm də tariximiz və mədəniyyətimizlə bağlı ölkəmizdən xaricdə görülən əhəmiyyətli işlərin dolğun mənzərəsini yaradır.

Kitab zəngin arxiv materialları, əlyazmaları, ayrı-ayrı ailələrin qoruyub saxladığı nadir sənədlər əsasında yazılmış, mətnlər maraqlı fotolar, rəngarəng rəsm əsərlərinin reproduksiyaları ilə müşayiət edilir.

Kitab ədəbiyyatşünaslar, tarixçilər, tələbələr və öz milli tarixini, dəyərli şəxsiyyətlərini layiqincə tanımaq istəyən geniş oxucu kütlələri üçün nəzərdə tutulmuşdur.

 

 

Azərbaycan.- 2012.- 13 iyul.- S. 7.