Şərqi Avropa ilə Azərbaycan arasında strateji tərəfdaşlıq və işbirliyi mövzusunda beynəlxalq elmi seminar keçirilmişdir

 

İyulun 12-də Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) Şərqi Avropada Təhsil Alan Tələbə və Məzunlar İctimai Birliyinin təşkilatçılığı ilə "Şərqi Avropa ilə Azərbaycan arasında strateji tərəfdaşlıq və işbirliyi" mövzusunda beynəlxalq elmi seminar keçirilmişdir. AzərTAc xəbər verir ki, tədbirdə Şərqi Avropa ölkələrinin bir sıra ali təhsil müəssisələrinin rəhbərləri, gənclər təşkilatlarının təmsilçiləri iştirak etmişlər.

SAM-ın direktoru Fərhad Məmmədov Şərqi Avropa və Azərbaycan arasında əməkdaşlığın vəziyyətindən, region ölkələri ilə   müxtəlif sahələrdə əlaqələrin inkişaf edərək strateji tərəfdaşlığa çevrilməsindən danışmışdır.

Son illər ölkəmizdə elmin və təhsilin inkişafına xüsusi diqqət göstərildiyini, dünyanın ən qabaqcıl universitetlərində kadr hazırlığı işinin uğurla həyata keçirildiyini qeyd edən F.Məmmədov   bildirmişdir ki, Prezident İlham Əliyevin 2011-ci il 7 iyul tarixli sərəncamı ilə təsdiq olunmuş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində xarici ölkələrin nüfuzlu ali məktəblərində beş minədək azərbaycanlı gəncin təhsil alması nəzərdə tutulmuşdur. Hazırda dünyanın qabaqcıl universitetlərində 1200 azərbaycanlı tələbə təhsil alır. Xaricdə təhsil alan gənclərimizin ümumi sayı isə 15 mindən çoxdur. Onlar ölkəmiz üçün yüksək ixtisaslı kadrlar kimi yetişməklə yanaşı, yaşadıqları ölkələrdə diaspor təşkilatlarımızın formalaşmasında və həyata keçirdikləri tədbirlərdə fəal iştirak edirlər.

Minsk İdarəçilik İnstitutunun rektoru, professor Nikolay Suşa, Belarus Dövlət Universitetinin nümayəndəsi Lyudmila Kotko, Ukraynanın "Krok" İqtisadiyyatHüquq Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Andrey Lotaryev tədbirdə çıxış edərək ölkələrinin təhsil sistemindən, təmsil etdikləri ali təhsil müəssisələrində xarici tələbələr üçün yaradılan şəraitdən danışmışlar. Azərbaycanda elmin, təhsilin, gənclərin inkişafına xüsusi dövlət qayğısını yüksək dəyərləndirən qonaqlar görüşün  ölkələrimiz arasında təhsil əlaqələrinin inkişafına töhfə verəcəyinə əminliklərini bildirmişlər.

Seminarda müxtəlif xarici ölkələrdə təhsil alan azərbaycanlı gənclər məruzələrlə çıxış edərək həmin ölkələrdə onların keyfiyyətli təhsil almaları üçün yaradılmış şəraitdən, göstərilən diqqət və qayğıdan danışmış, Azərbaycanın beynəlxalq təhsil  əlaqələrinin genişləndirilməsinin vacibliyini vurğulamışlar.

Tədbirdə həmçinin Azərbaycanın regiondakı və beynəlxalq aləmdəki nüfuzundan, xaricdə təmsil olunmasından, diasporlobbiçilik fəaliyyətindən, bu təşkilatlarda gənclərin iştirakından  və digər məsələlərdən geniş bəhs olunmuşdur.

 

 

Azərbaycan.- 2012.- 13 iyul.- S. 7.