Estoniya Respublikası parlamentinin sədri azərbaycanlı qaçqın və məcburi köçkünlərin yaşayış şəraiti ilə tanış olmuşdur

 

Azərbaycanda rəsmi səfərdə olan Estoniya Respublikası parlamentinin sədri xanım Ene Erqmanın rəhbərlik etdiyi nümayəndə heyəti iyunun  30-da paytaxtda məskunlaşmış qaçqın və məcburi köçkünlərlə görüşmüşdür.

AzərTAc xəbər verir ki, nümayəndə heyəti əvvəlcə Dərnəgül tələbə şəhərciyindəki Bakı İdarəetmə və Texnologiya Kollecinin 2 nömrəli yataqxanasında olmuşdur.

Qonaqlara məlumat verilmişdir ki, ölkənin ayrı-ayrı şəhər və rayonlarında qaçqın və məcburi köçkünlərin ailələri üçün yeni qəsəbələr salınmış, 100 mindən çox soydaşımız yeni evlərə köçürülmüş, təhsil, səhiyyə, rabitə və mədəniyyət ocaqları tikilmiş, müvafiq infrastruktur yaradılmışdır. Hazırda qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir, yeni binalar tikilir, məhəllələr salınır.

Yataqxanadakı şəraitlə maraqlanan qonaqlar Füzuli rayonundan olan məcburi köçkün Abbas Əliyevin ailəsinin yaşadığı otağa baxmışlar.

Qonaqlar Binəqədi rayon 2 nömrəli evtikmə kombinatının ərazisində qaçqın və məcburi köçkünlər üçün salınmış yeni yaşayış kompleksində də olmuşlar.

Burada məcburi köçkün həyatı yaşayan Zəngilan şəhər 4 nömrəli orta məktəbi üçün  inşa edilmiş bina ilə tanış olan Ene Erqmana ermənilərin qədim Azərbaycan torpaqlarına təcavüzü haqqında dolğun məlumat verilmişdir. Qonaqlar kompyuterdə Zəngilan rayonunun görüntülərinin əks olunduğu fotoşəkillərə baxmışlar.

Ene Erqma jurnalistlərə müsahibəsində  qaçqın və məcburi köçkünlərin tezliklə doğma torpaqlarına qayıdacaqlarına inandığını vurğulamış, Estoniya ictimaiyyətinə onların vəziyyəti haqqında məlumat verəcəyini demişdir.

Estoniyanın Cənubi Qafqazda gedən prosesləri diqqətlə izlədiyini vurğulayan E.Erqma bildirmişdir ki, rəsmi Tallinn Azərbaycanı özünün yaxın müttəfiqi hesab edir. Bizim Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyimiz də dəyişməmişdir. Biz bu münaqişənin tezliklə və ədalətli həllinə tərəfdarıq.

 

 

Azərbaycan.- 2012.- 1 iyul.- S. 8.