IDEA kampaniyası Eco Cinema layihəsi çərçivəsində növbəti filmin nümayişini təşkil etmişdir

 

 Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən 2011-ci il iyulun 11-də başlanmış IDEA - International Dialogue for Environmental Action (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) kampaniyası "Eco Cinema" layihəsinin icrasını uğurla davam etdirir.

"Eco Cinema" layihəsi çərçivəsində IDEA kampaniyasının Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində hər iki həftədən bir tələbələr üçün  ətraf mühit məsələlərinə həsr olunmuş filmlər nümayiş etdirilir. Bu layihə geniş tələbə auditoriyası tərəfindən böyük maraqla qarşılanmışdır.

IDEA kampaniyasından AzərTAc-a bildirmişlər ki, iyulun 13-də "Eco Cinema" layihəsi çərçivəsində tələbələrə ətraf mühit problemlərinə dair dünya şöhrətli "Böyük möcüzə" (Big Miracle) bədii filmi nümayiş olunmuşdur. "Böyük möcüzə" filmi 2012-ci ildə ictimaiyyətə təqdim olunmuş və qısa zamanda şöhrət qazanmışdır.

Filmin əsas hadisələri ABŞ-ın Alyaska ştatında buz səhralarında baş verir. Filmdə buz tələsinə düşmüş balina ailəsinin xilasından söhbət açılır. Yaxınlıqda yerləşən kiçik şəhərciyin sakinləri də balinaların xilası üçün əllərindən gələni əsirgəmirlər. "Böyük möcüzə" filmi cəmiyyəti təbiətə və onun canlılarına daha çox diqqət və qayğı göstərməyə sövq edir. Film, həmçinin ölkələri ətraf mühit məsələləri ətrafında sıx əməkdaşlıq etməyə çağırır.

Ekran əsərinin nümayişindən sonra tələbələr arasında Azərbaycanda və dünyada mövcud olan ətraf mühit problemləri ilə bağlı 45 dəqiqəlik müzakirə aparılmışdır.

 

 

Azərbaycan.- 2012.- 14 iyul.- S. 6.