Qədim İçərişəhərlə tanışlıq Monteneqronun Baş nazirində zəngin təəssürat yaratmışdır

 

Monteneqronun Baş naziri İqor Lukşiç Azərbaycana rəsmi səfəri çərçivəsində iyulun 16-da İçərişəhərlə tanış olmuşdur.

AzərTAc xəbər verir ki, əvvəlcə qonağa Qız qalası abidəsinin qeyri-adi memarlıq özəllikləri barədə dolğun məlumat verilmişdir. Bildirilmişdir ki, eramızdan əvvəl VII-VI əsrlərdə əsası qoyulmuş Qız qalası XII əsrdə bərpa edilmişdir. Hündürlüyü 28 metr, diametri 16-16,5 metr olan abidə silindr formalı əsl qaladan və cənub tərəfdən ona bitişən iri dayaq tikilidən ibarətdir.

Yaxınlıqdakı Sıratağlı dini-memarlıq kompleksinin ərazisindəki ekspozisiya ilə tanışlıq da qonaqda böyük maraq doğurmuşdur.

Elektromobillə gəzinti zamanı Monteneqronun Baş nazirinə və nümayəndə heyətinin üzvlərinə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu, burada aparılan təmir, abadlaşdırma və bərpa işləri barədə ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, İçərişəhər ərazisində müxtəlif əsrlərə aid nadir tarixi-memarlıq abidələri vardır və bunlar qorunub saxlanılır.

Kiçik Qala küçəsi ilə davam edən gəzinti zamanı İqor Lukşiç təndir çörəyinə qonaq edilmişdir.

Gəzinti zamanı qonaq orta əsr Şərq memarlığının şah əsəri, dünya əhəmiyyətli tarix-memarlıq abidəsi olan "Şirvanşahlar sarayı kompleksi" ilə tanış olmuşlar. Məlumat verilmişdir ki, XV əsrin əvvəllərində inşa olunmuş tarixi abidənin tikililəri İçərişəhərin təpələrindən birinin ən hündür nöqtəsində yerləşir. O, Xəzər dənizindən və şəhərin ətrafındakı yüksəkliklərdən aydın görünür. Kompleks bugünədək öz tarixi-memarlıq üstünlüyünü saxlamaqdadır.

Daha sonra İqor Lukşiç Kiçik karvansaradakı Azərbaycan təsviri və dekorativ-tətbiqi sənət mərkəzində - "İncəsənət bağı"ndakı sənət nümunələrini seyr etmişdir.

Monteneqronun Baş naziri "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun fəxri qonaqlar kitabına ürək sözlərini yazmışdır.

Azərbaycan paytaxtının qədim guşəsi ilə tanışlıqdan xatirə olaraq qonağa hədiyyə təqdim edilmişdir.

 

 

Azərbaycan.- 2012.- 17 iyul.- S. 4.