Mingəçevir-Polotsk: qardaşlaşan şəhərlər

 

Azərbaycan-Belarus dostluğunun üfüqləri

 

Dost Belarus Respublikası coğrafi baxımdan ölkəmizdən uzaqlarda yerləşsə də, Şərqi Avropanın bir parçası olan bu diyara uzanan yollar heç vaxt üzümüzə bağlı olmayıb. Sovetlər birliyinin "çətiri" altında yaşadığımız illərdə mədəni, iqtisadi əlaqələrimiz həmişə güclü olub. Hər iki xalqın - azərbaycanlılarla belarusların dostluğuna-qardaşlığına aid çeşidli bilgilərə istinad etməklə bu ilişgilərin yetərli olduğunu söyləyə bilərik. İkinci Cahan savaşında xalqımızın say-seçmə oğul-qızlarının alman faşistlərinə qarşı döyüşlərdə göstərdikləri misilsiz igidliklər, Belarus torpağının düşməndən azad edilməsi uğrunda gedən qanlı savaşlarda minlərlə soydaşımızın həlak olması da elə bu qarşılıqlı dostluğun ən bariz nümunələrindən biri kimi tarixin yaddaşında yaşamaqdadır.

Böyük Vətən müharibəsindən sonrakı illərdə Mingəçevir Su Elektrik Stansiyasının və bizim indi iftixar hissi ilə "Nur şəhəri" adlandırdığımız yaşayış məntəqəsinin tikintisində belaruslu dostlar da fəal iştirak etmişlər.

İyirminci yüzilliyin sonlarına yaxın "sovetlər imperiyası" tarixin arxivinə qovuşandan sonra da həm Azərbaycan, həm də belarus xalqları müstəqil dövlətlər birliyi çevrəsində və bu qurumdan kənarda iqtisadi, mədəni, siyasiticari əlaqələri davam etdirmiş, bir-birlərinə daha da yaxınlaşmışlar. Sevindirici haldır ki, bu gün Belarus Respublikasının müxtəlif regionlarında yaşayan soydaşlarımız həm dövlət və özəl sektorlarda fəaliyyət göstərir, həm də diaspor halında təşkilatlanmaqla Azərbaycan və belarus xalqlarının dostluğunu yeni çalarlarla zənginləşdirmişlər.

May ayının sonlarında Mingəçevirlə Belarusun Polotsk şəhərinin qardaşlaşmasına dair bu ölkədə keçirilən önəmli görüşlərimiz də elə bu dostluğun davamlı olacağından soraq verir. Yeri gəlmişkən deyim ki, Azərbaycan və belarus xalqları arasında zaman-zaman davamını tapan dostluq əlaqəsinin formalaşmasında Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə dövlətimizin başçısı İlham Əliyevin dostluq münasibətləri böyük rol oynayır.

May ayının 24-də Mingəçeviri təmsil edən nümayəndə heyəti paytaxt Minsk şəhərinə qədəm qoyan kimi belaruslu dostlarla bərabər Azərbaycan diasporunun təmsilçiləri və Polotsk şəhər rəsmiləri tərəfindən hərarətlə qarşılandı. Elə həmin gün ölkəmizin Belarus Respublikasındakı səfiri İsfəndiyar Vahabzadə və diplomatik korpusun üzvləri ilə görüşüb müstəqil ölkəmizin Respublika Gününə həsr edilən önəmli tədbirdə iştirak etdik. Tədbirə müxtəlif ölkələrin Belarus Respublikasındakı səfirlik və diplomatik korpus nümayəndələri, Azərbayan diasporunun üzvləri də qatılmışdılar. Tədbirdə müstəqil ölkəmizin, Prezident İlham Əliyevin, o cümlədən xalqımızın şəninə deyilən xoş sözlər, milli mədəniyyətimizi, təbii sərvətlərimizi və regiondakı iqtisadi qüdrətimizi  dəyərləndirən çıxışlar qəlbimizi qürur hissi ilə döyündürürdü. Belarus Respublikası Baş nazirinin müavinlərinin də iştirak etdikləri bu önəmli törən xalqlarımız arasında yaranan qarşılıqlı dostluq əlaqələrinin ən bariz nümunələrindən biri kimi yadda qaldı.

Ertəsi gün Vitebsk vilayətinin mərkəzində vilayət rəhbərləri ilə görüşəndən sonra isə bizi müşayiət edən Polotsk rayon rəsmiləri ilə birlikdə Polotsk şəhərinə gəldik. Qərbi Dvina çayına tökülən Polotı çayının yaxınlığında yerləşən (belaruslu dostlarımızın dediklərinə görə, Polotsk sözü bu çayın adından götürülmüşdür) 1550 yaşlı Polotsk şəhərinin 90 minə yaxın əhalisi var. Qədim şərqi slavyan xalqlarının canlı abidəsi kimi dəyərləndirilən şəhərdə yüzlərlə nadir memarlıq nümunəsi sayılan bina, monastır, abidə kompleksi və kilsələrin olması bu yaşayış məskənini, sözün əsl mənasında, beynəlxalq turizm mərkəzinə çevirmişdir.

Eramızın 862-ci ilində təməli qoyulan Polotsk şəhəri qədimiliklə müasirliyin bir müstəvi üzərində qovuşmasının canlı nümunəsidir. Bizim Mingəçevirdə olduğu kimi, çayın (Qərbi Dvina çayının) hər iki sahilində yerləşən Polotsk şəhərini qədimlərdə tikilən və əsaslı təmirdən sonra yaraşıqlı görünən qırmızı körpü birləşdirir.

Smolensk şəhəri ilə tarixən ortaq mədəniyyətə malik olan Polotsk yaşayış məskəni tarixin ayrı-ayrı dönəmlərində Kiyev, Böyük Litva knyazlıqlarının, 1772-ci ildən sonra isə Rusiya imperiyasının tərkibində olmuşdur.

SSRİ-nin süqutundan sonra müstəqil Belarus Respublikasında Vitebsk vilayətinin inzibati ərazi vahidi olan bu şəhərdə 40-a yaxın sənaye obyekti vardır ki, əmək qabiliyyətli əhalinin əksər hissəsi bu müəssisələrdə işləyir. Bizim Mingəçevirdə olduğu kimi, Belarus əlifbasına qoyulan ilk abidənin Polotsk şəhərində yerləşməsi də buraya turist axınını gücləndirir. Mingəçevir şəhər İH-nin başçısı Niyazi Bayramovun rəhbərliyi ilə dost ölkəyə yollanan nümayəndə heyəti paytaxt Minskin 200 kilometrliyindəki Polotskun sakinləri tərəfindən hərarətlə qarşılandı. Gəlişimiz şəhərin 1150 illiyinə həsr olunan bayram gününə təsadüf etdiyindən hamı məmnun idi. Şəhərin mərkəzi meydanında keçirilən bayram tədbirində Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun da iştirakı təntənəli  mərasimə verilən önəmdən irəli gəlirdi.

Mayın 26-da Polotsk Şəhər İcraiyyə Komitəsində keçirilən növbəti görüşdə də şəhər rəsmisi Aleksandr Poznyak Şəhər Deputatları Sovetinin sədri Natallya Qnybik və digər rəsmi şəxslər Belarus-Azərbaycan xalqları arasındakı tarixi əlaqələrdən, qarşılıqlı dostluq münasibətlərindən, hər iki ölkə rəhbərinin işgüzarlığından söhbət açdılar. Nümayəndə heyətimizin başçısı Niyazi Bayramov Polotsk şəhərinin 1150 illiyi münasibətilə şəhər rəhbərliyini və mərasimə qatılanları təbrik edəndən sonra son iyirmi ildən bəri ərazi bütövlüyümüzü birmənalı şəkildə dəstəkləyən Belarus Respublikasının rəhbərliyinə, o cümlədən dost belarus xalqına minnətdarlığını bildirdi. Ölkəmizdə, o cümlədən Mingəçevirdə aparılan böyük quruculuq işlərindən, son illərdə iqtisadi qüdrəti  ilə regionun lider dövləti kimi ön sıraya çıxan, beynəlxalq aləmdə böyük nüfuz sahibi olan respublikamızda sahibkarlıq üçün yaradılan münbit şəraitdən, rəhbərlik etdiyi şəhərin idmanturizm mərkəzinə çevrilməsi üçün ölkə Prezidentinin diqqət və qayğısından söz açdı.

Mingəçevirin beynəlxalq avarçəkmə yarışlarının mərkəzinə çevrildiyini, hər il burada beynəlxalq miqyaslı yarışların keçirildiyini və turnirlərə bir sıra yaxın-uzaq ölkələrin, o cümlədən Rusiya Federasiyası avarçəkənlərinin də qatıldığını söyləyən Niyazi Bayramov belaruslu idmançıların da növbəti illərdə bu yarışlarda iştirak etmələrini arzuladı.

Mərasim iştirakçılarının xeyir-duası ilə Polotsk və Mingəçevir şəhərlərinin qardaşlaşmasını rəsmiləşdirən sənədləri imzalayan Polotsk Şəhər İcraiyyə Komitəsinin sədri Aleksandr Poznyak və Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov dostluq əlaməti olaraq bir-birlərinə hədiyyələr təqdim edəndən sonra törənə qatılan çoxsaylı kütləvi informasıya vasitələri nümayəndələrinin suallarını cavablandırdılar.

Polotskda olduğumuz günlərdə keçirilən görüşlər, şəhərin görməli yerləri, o cümlədən tarixi abidələri və Polotsk Dövlət Universiteti ilə tanışlıq hamımızın ürəyincə oldu.

Uzaq Belarus torpağında qardaşlaşdığımız Polotsk şəhərindən Vətənimizə qayıdanda nümayəndə heyətinin rəhbəri Niyazi Bayramovun belaruslu dostlarımıza dediyi sözlər xüsusilə yaddaqalan oldu: "Dostlar, artıq Polotsk şəhəri ilə bizim Mingəçeviri qardaşlıq, dostluq körpüsü birləşdirir. Payızda şəhərimizin ad günündə bu körpüdən adlayıb Mingəçevirə gəlin. Yolunuzu gözləyəcəyik!"

 

 

Orucəli RZAYEV,

AMİ Mingəçevir filialının

direktoru, riyaziyyat elmləri

doktoru, professor

 

Azərbaycan.- 2012.- 17 iyul.- S. 7.