Molla Nəsrəddin- Azərbaycan V Beynəlxalq karikatura müsabiqəsinin sərgisi və mükafatların təqdim edilməsi mərasimi keçirilmişdir

 

 İyulun 16-da Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda "Molla Nəsrəddin"-Azərbaycan" V Beynəlxalq karikatura müsabiqəsinin sərgisi və mükafatların təqdim edilməsi mərasimi keçirilmişdir.

Mədəniyyət və Turizm Nazirliyinin, Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyasının, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin təşkilatçılığı ilə keçirilən və ənənəvi hal almış beynəlxalq karikatura müsabiqəsi bu il "Kirpi" satirik jurnalının nəşrə başlamasının 60 illiyinə həsr olunmuşdur.

Mərasimi Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov açaraq "Molla Nəsrəddin" ənənələrini özündə yaşadan "Kirpi" satirik jurnalının nəşrinin Azərbaycan karikatura sənətinin inkişafında önəmli yer tutduğunu, dərginin nəşrə başladığı ilk illərdən ətrafında təcrübəli karikaturaçı rəssamlar topladığını vurğulamışdır. Hazırda bu sahədə çalışan və Azərbaycanı beynəlxalq karikatura müsabiqələrində təmsil edən məşhur rəssamlarımızın ilk karikaturalarının məhz "Kirpi" jurnalının səhifələrində dərc edildiyini vurğulayan natiq ənənəvi hal almış müsabiqənin keçirilməsinin karikatura sənətinin inkişafı baxımından önəmli olduğunu bildirmişdir.

Azərbaycan Karikaturaçı Rəssamlar Birliyi idarə heyətinin sədri Bayram Hacızadə bildirmişdir ki, "Molla Nəsrəddin" Beynəlxalq karikatura müsabiqəsi bu il "Mətbuatın əhəmiyyəti" şüarı altında davam etmiş, müsabiqəyə 57 ölkədən 306 karikaturaçı rəssam qatılmışdır. Müsabiqənin mövzusunun "Satirik mətbuatın əhəmiyyəti" olması isə "Kirpi" satirik jurnalının adı ilə bağlıdır.

B.Hacızadə qeyd etmişdir ki, 10 gün davam etmiş sərgidə dünyanın tanınmış karikatura ustalarının 150-dən artıq əsəri nümayiş olunmuş, müsabiqəyə göndərilən ən yaxşı karikaturalardan ibarət kataloq hazırlanmış və onların sərgisi təşkil edilmişdir. Beynəlxalq tərkibli münsiflər heyətinin qərarına əsasən, müsabiqənin qalibi adına və qızıl medalına Aşkın Ayrançıoğlu (Türkiyə), gümüş medalına Anon Anindito (İndoneziya), bürünc medalına Babik Sava (Serbiya), xüsusi mükafatlara isə Helmut Jakek (Almaniya), Yuri Manayev (Rusiya) layiq görülmüşlər.

Mərasimdə azərbaycanlı karikaturaçı rəssam Bayram Qasımxanlıya Azərbaycan Rəssamlar İttifaqının xüsusi mükafatı təqdim olunmuşdur.

B.Qasımxanlı müsabiqənin təşkilatçılarına minnətdarlığını bildirmiş, həmkarlarına yaradıcılıq uğurları arzulamışdır.

Sonda mərasim iştirakçıları sərgiyə baxmışlar.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 17 iyul.- S. 7.