Monteneqro Azərbaycan ilə iqtisadi əlaqələrin inkişafında maraqlıdır

 

İyulun 17-də Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov Monteneqronun Baş naziri İqor Lukşiçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Təkbətək keçən görüş daha sonra geniş tərkibdə davam etdirilmişdir.

Baş nazirin birinci müavini Yaqub Eyyubov Monteneqronun Baş nazirinin səfərinin ölkələrimiz arasındakı iqtisadi münasibətlərin inkişafına töhfə verəcəyini demişdir. Ötən il iki ölkə arasındakı ticarət dövriyyəsi 4 milyon dollar təşkil etmişdir ki, bu da mövcud imkanları əks etdirmir. İqtisadiyyatın bütün sahələrində göstəricilərin yüksəldilməsi üçün hökumətlərarası iqtisadi komissiyanın fəaliyyətə başlaması gözlənilir.

Y.Eyyubov Monteneqronun turizm sahəsində reallaşdırdığı iri layihədə Azərbaycanın da sərmayə payı olduğundan məmnunluğunu ifadə etmişdir.

Baş nazirin birinci müavini Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsində Monteneqronun səsinin yüksək qiymətləndirildiyini diqqətə çatdırmışdır. Vurğulanmışdır ki, Azərbaycan da Monteneqronu beynəlxalq arenada daim dəstəkləyir.

Monteneqronun Baş naziri İqor Lukşiç rəsmi səfərindən məmnunluq duyduğunu bildirmiş, ölkəsinin beynəlxalq aləmdə daim Azərbaycanın tərəfində olduğunu xüsusi vurğulamışdır.

Monteneqronun Baş naziri söyləmişdir ki, bir müddət əvvəl Monteneqro-Azərbaycan parlamentlərarası dostluq qrupu yaradılmışdır.

İ.Lukşiç Azərbaycan ilə iqtisadi əlaqələrin özəl sektorda inkişafında maraqlı olduqlarını, bu istiqamətdə biznes forumun keçirilməsinin vacibliyini diqqətə çatdırmışdır. Həmçinin iki ölkə arasında ikiqat vergi tutulmasının aradan qaldırılması və gömrük sahəsində sazişlərin də imzalanması iqtisadi-ticari əlaqələrin inkişafında mühüm rol oynayacaqdır.

Qeyd edilmişdir ki, hazırda turizm sahəsində müxtəlif tədbirlər həyata keçirilir. Belə ki, iyul-avqust ayları üçün ölkələrimiz arasındakı viza rejimi ləğv olunmuş, birbaşa çarter aviareysinin açılması istiqamətində danışıqlar aparılır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 18 iyul.- S. 3.