Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi cari ilin birinci yarısını uğurla başa vurmuşdur

 

 İyulun 17-də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində 2012-ci ilin birinci yarısının yekunlarına dair kollegiya iclası keçirilmişdir.

AzərTAc xəbər verir ki, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov respublikamızda aparılan uğurlu neft siyasətinin  qeyri-neft sektorunun inkişafı üçün geniş imkanlar açdığını və bu imkanlardan rabitə və informasiya texnologiyaları sahəsində də səmərəli istifadə olunduğunu demişdir.

Ə.Abbasov bildirmişdir ki, ölkəmizin iqtisadi inkişafında qeyri-neft sektorunun aparıcı sahəsi olan informasiya-kommunikasiya texnologiyalarının (İKT) müstəsna yeri vardır. Göstərilən hərtərəfli dövlət qayğısı sayəsində dinamik inkişafa nail olunmuş və 2012-ci ilin birinci yarısında müsbət nəticələr əldə edilmişdir. Təsadüfi deyildir ki, Dünya İqtisadi Forumunun hesabatına əsasən, ölkəmiz internet istifadəçilərinin sayına görə, MDB dövlətləri arasında birinci yerdədir.

Nazirliyin aparat rəhbəri Vidadi Zeynalov cari ilin ötən 6 ayında  rabitə və informasiya texnologiyaları sektorunda əldə olunan nəticələr barəsində məruzə etmişdir. Bildirilmişdir ki, İKT, informasiyapoçt sektorunda əldə olunan gəlirlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 19 faiz artaraq 673,74 milyon manat olmuşdur ki, bunun da təxminən 74,3 faizi qeyri-dövlət rabitə müəssisələrinin payına düşmüşdür.

"Azərkosmos" ASC-nin sədri Rəşad Nəbiyev telekommunikasiya peykinin hazırlanması və orbitə çıxarılması işlərinin gedişi haqqında  geniş məlumat vermişdir.

Qeyd olunmuşdur ki, ötən 6 ayda Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinin tikintisi davam etdirilmiş, noyabrın sonuna istismara tam hazır vəziyyətə gətirilməsi nəzərdə tutulmuşdur. Peykin test prosesləri may ayında başlayacaqdır. Bu dövrdə ölkəmizin ilk aşağıorbitli yerin məsafədən zondlama peykinin hazırlanması, sığortası və orbitə çıxarılması üzrə tender elan olunmuş və hazırda tenderdə iştirak etmiş şirkətlərin təklifləri nəzərdən keçirilir.

Kollegiya iclasında genişzolaqlı internetelektron xidmətlərin tətbiqi ilə bağlı məruzələr dinlənilmişdir.

Məruzələr ətrafında çıxışlar olmuşdur.

Kollegiya iclasına yekun vuran nazir Ə.Abbasov Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə yaradılmış "İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu"nun strukturunun formalaşdırılması, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının İKT üzrə bölməsinin hazırlanması, ilk telekommunikasiya peykinin orbitə buraxılması, rəqəmsal televiziya yayımı ilə bağlı işlərin sürətləndirilməsi, informasiya təhlükəsizliyinin və digər mühüm əhəmiyyət kəsb edən məsələlərin icrası ilə əlaqədar müvafiq tapşırıqlar vermişdir.

Kollegiya iclasının sonunda bu ilin may ayında Bakıda keçirilmiş "Eurovision-2012" mahnı müsabiqəsinin iştirakçılarına və qonaqlara keyfiyyətli və dayanıqlı rabitə xidmətlərinin göstərilməsində fərqlənən müəssisələrə və əməkdaşlara mükafatlar təqdim olunmuşdur.

 

 

Azərbaycan.- 2012.- 18 iyul.- S. 4.