Pakistanın nüfuzlu Diplomatic Star jurnalında dahi Azərbaycan şairi Nizami Gəncəvi haqqında məqalə dərc olunmuşdur

 

Pakistanın nüfuzlu ingilisdilli "Diplomatic Star" jurnalında tanınmış jurnalist Amir Mahmud Battinin "Nizami Gəncəvi - 870" sərlövhəli məqaləsi dərc edilmişdir.

Azərbaycanın Pakistandakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, məqalədə Şərqin dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin gənclik illərindən, həyat və fəaliyyətindən bəhs olunmuşdur.

Nizaminin dünya ədəbi irsinə "Xəmsə" ilə daxil olduğunu vurğulayan jurnalist dahi şairin bütün ömrünü doğma Gəncədə keçirdiyini, öz xalqının qəhrəmanlıq tarixi ilə fəxr etdiyini yazmışdır.

Müəllif "Xəmsə"yə daxil olan hər beş poemanı nəzərdən keçirərək "Sirlər Xəzinəsi"nin fəlsəfi məqamlarını, "XosrovŞirin"in romantik üçbucağını açıqlamışdır. "Yeddi gözəl" poemasından yazan jurnalist burada təsvir olunan personajların sonralar Avropa ədəbiyyatında ŞillerPuççini tərəfindən prototip kimi istifadə olunduğunu vurğulamışdır. Məqalənin müəllifi qeyd etmişdir ki, "İsgəndərnamə" poemasının birinci hissəsində makedoniyalı İsgəndərin qəhrəmanlıq salnaməsindən bəhs olunur. Poemanın  ikinci hissəsində isə hökmdarın zəngin daxili dünyası açıqlanmışdır.

Nizaminin "Yeddi gözəl" poemasının dünya ədəbiyyat irsinə qızıl hərflərlə əks olunduğunu bildirən Mahmud Batti burada yaşanan böyük eşq hekayəsinin acı məqamlarını oxuculara açıqlamışdır. O, bu poemanın Şərqdə ilk dəfə Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyli tərəfindən səhnələşdirildiyini qeyd etmişdir.   

Məqalədə Nizaminin Azərbaycanın böyük vətənpərvər oğlu olduğu, bütün ömrünü doğma Gəncədə keçirdiyi, öz xalqının qəhrəmanlıq tarixi ilə fəxr etdiyi vurğulanmışdır. Qeyd edilmişdir ki, Azərbaycan xalqı dahi şairin yaradıcılığına böyük məhəbbət ilə yanaşır, Bakının mərkəzində mütəfəkkirə heykəl ucaldılmış, onun adını daşıyan çoxsaylı institut və küçələr vardır.

Yazıda vurğulanmışdır ki, Nizami ədəbiyyatı Azərbaycan folkloruna böyük təsir göstərmişdir. Dahi şairin əlyazmaları Paris, London, Moskva, Qahirə, İstanbul və digər muzeylərdə saxlanılmış, onun poeziyası bir çox dünya dillərinə tərcümə edilmişdir.

Məqalənin tam mətni ilə http://www.diplomaticstar.com/magazine/?p=201 linkindən tanış olmaq olar.

 

 

Azərbaycan.- 2012.- 18 iyul.- S. 7.