Azərbaycan ilə Gürcüstan arasında məhkumların mübadiləsi məsələsi müzakirə olunmuşdur

 

Bakıda səfərdə olan Gürcüstan Baş Prokurorluğunun Xarici əlaqələr idarəsinin rəisi İrakli Dondoladze, Xarici İşlər Nazirliyinin konsul xidməti departamentinin rəis müavini Georgi Qriqalaşvili, cəzaların icrası departamentinin rəisi Georgi Xocevanişvilibu ölkənin Bakıdakı konsulu Mamuka Balavadze iyulun 17-də Azərbaycan Respublikasının ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Mədət Quliyev ilə görüşmüşlər.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AzərTAc-a bildirmişlər ki, görüşdə Azərbaycan ilə Gürcüstan arasında məhkumların cəzalarının qalan hissəsini çəkmək üçün vətəndaşları olduqları ölkəyə verilməsi sahəsində görüləcək işlər müzakirə edilmişdir.

Mədət Quliyev qonaqlara Penitensiar Xidmətin fəaliyyəti, son dövrlərdə məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması, müasir, beynəlxalq standartlara cavab verən yeni Penitensiar Xidmətin müəssisələrinin inşası istiqamətində görülmüş işlər barəsində məlumat vermişdir.

Vurğulanmışdır ki, Azərbaycanın Penitensiar Xidmətin müəssisələrində təqsirləndirilən və ya məhkum olunmuş əcnəbilərdən 200 nəfəri Gürcüstan vətəndaşıdır. Həm Azərbaycan, həm də Gürcüstan Avropa və MDB çərçivəsində məhkum mübadiləsi ilə bağlı konvensiyalara qoşulmuşdur. Bundan başqa, iki ölkə arasında 1996-cı il martın 8-də oxşar müqavilə də imzalanmışdır. Məhz bu hüquqi baza əsasında məhkum mübadiləsi sahəsində işlərin təkmilləşdirilməsi barədə fikir mübadiləsi aparılmış və ortaya çıxan problemlərin operativ müzakirəsi üçün mütəmadi olaraq görüşlərin keçirilməsi məqsədəmüvafiq hesab olunmuşdur.

Nümayəndə heyəti Penitensiar Xidmətin tarix muzeyinə baxmış, qurumun tabeliyindəki müəssisələrdə saxlanılan Gürcüstan vətəndaşları ilə görüşmüşdür.

Görüşdə Ədliyyə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi Zavər Qafarov, Penitensiar Xidmətin rəis müavini Hüseyn Əlixanov və digər məsul əməkdaşlar iştirak etmişlər.

 

 

Azərbaycan.- 2012.- 18 iyul.- S. 6.