Meksika bütün məsələlərin həllində Azərbaycanı dəstəkləyəcək və bu siyasət dəyişməyəcək

 

"Meksika Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində və beynəlxalq təşkilatlarda daim Azərbaycanın yanında olacaq, sizi dəstəkləyəcək və bu siyasət dəyişməyəcək". Bu sözləri Azərbaycanda səfərdə olan Meksika Konqresinin Deputatlar Palatasının sədri Oskar Arse iyulun 18-də Milli Məclisin Sədri Oqtay Əsədovla görüşdə söyləyib.

Oqtay Əsədov bildirib ki, bu səfər təkcə parlamentlərarası əlaqələri yox, ölkələrimiz arasında olan dostluq münasibətini daha da möhkəmləndirəcək, əlaqələr bundan sonra yüksələn xətlə inkişaf edəcək. Azərbaycan ilə Meksika arasında münasibətlərin daha da genişləndiyini vurğulayan Oqtay Əsədov diqqətə çatdırıb ki, 9 ay ərzində Meksika Birləşmiş Ştatlarından Azərbaycana 4 nümayəndə heyəti səfərə gəlib. Bu onu göstərir ki, ölkələrimiz arasında uzun məsafə olmasına baxmayaraq, dostluq münasibəti tez bir zamanda hər iki dövləti bir-birinə çox yaxınlaşdırıb: "Əminəm ki, diplomatik münasibətlərimiz daha da möhkəmlənəcək və yaxın gələcəkdə ölkələrimiz arasında ticari, iqtisadi əlaqələr də  inkişaf edəcək. Bunun üçün səfirliklərin fəaliyyəti çox önəmlidir. Azərbaycanın Meksikada səfirliyi fəaliyyət göstərir və ümid edirəm ki, yaxın zamanlarda Meksikanın da ölkəmizdə səfirliyi açılacaq".

Milli Məclisin Sədri Oqtay Əsədov onu da qeyd edib ki, Azərbaycanın müstəqilliyinin bərpa olunmasının 20 illik yubileyi çərçivəsində 2011-ci il aprel ayının 25-də Meksikanın Akapulko şəhərində Azərbaycanın dahi şairi Nizami Gəncəvinin heykəlinin açılış mərasimi olub və yaxınlarda Mexiko şəhərində Meksika-Azərbaycan Dostluq Parkı açılacaq. Bütün bunlar isə hər iki ölkə arasında münasibətlərin gündən-günə inkişaf etdiyindən xəbər verir.

Oqtay Əsədov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələdə Azərbaycanın haqq səsinin müdafiəsinə və Xocalı faciəsinin soyqırımı aktı kimi tanınması barədə qəbul etdikləri qərarlara görə Meksika xalqına minnətdarlıq edib.

Azərbaycana gəldiyi gündən özünü vətənindəki kimi hiss etdiyini deyən Meksika Konqresinin Deputatlar Palatasının sədri Oskar Arse isə bildirib ki, Meksika dinamik inkişaf edən ölkə kimi Azərbaycanla əməkdaşlıqda maraqlıdır və daim onun yanındadır: "Azərbaycan xalqı bilsin ki, Meksika xalqı ən mühüm məsələlərin həllində sizinlə həmrəydi". Oskar Arse  Azərbaycanın dünyada artan nüfuzunu, həyata keçirdiyi qonşuluq siyasətini yüksək qiymətləndirərək ölkələrimiz arasında iqtisadi və mədəni sahədə də əməkdaşlığın qurulmasının vacibliyini söyləyib. Meksika Konqresinin Deputatlar Palatasının sədri deyib ki, ölkəsinə qayıtdıqdan sonra Azərbaycanda Meksikanın səfirliyinin açılması üçün dövlət büdcəsindən vəsait ayrılması ilə bağlı təklif verəcək.

Görüşdə dövlətlərarası əlaqələrin inkişafında qanunverici orqanların rolu, qarşılıqlı səfərlərin əhəmiyyəti və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

 

 

Azərbaycan.- 2012.- 19 iyul.- S. 2.