İranın Azərbaycandakı səfiri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində olmuşdur

 

 Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov iyulun 19-da diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar İran İslam Respublikasının ölkəmizdəki səfiri Məhəmmədbağır Bəhrami ilə görüşmüşdür.

Ə.Həsənov səfirin Azərbaycanda diplomatik fəaliyyəti müddətində ölkələrimiz arasında əlaqələrin inkişafı istiqamətində göstərdiyi səyləri yüksək qiymətləndirmişdir.

Ölkələrimiz arasında sıx dini, tarixi, mədəni münasibətlərin  olduğunu diqqətə çatdıran Baş nazirin müavini bildirmişdir ki, İranın "İmam Xomeyni İmdad Komitəsi" beynəlxalq humanitar təşkilatı bu gün də Azərbaycanda həyata keçirilən ən iri və davamlı humanitar layihələrdə yaxından iştirak edir. Bu təşkilatın xətti ilə respublikamızın 45 rayonundakı 500 yaşayış məntəqəsində 40 minədək qaçqın, məcburi köçkün və digər aztəminatlı əhalinin, o cümlədən şəhid ailələrinin ərzaq, maddi yardım, dərman preparatları və s. ilə təchizatı proqramları həyata keçirilir. Respublikamızın müxtəlif bölgələrində məskunlaşmış qaçqın, məcburi köçkün və aztəminatlı ailələrindən 1400-dək kimsəsiz uşaq bu təşkilatın himayəsinə götürülmüşdür. Təşkilat ölkəmizdə fəaliyyətə başladığı 1994-cü ildən indiyədək həyata keçirdiyi humanitar layihələrə 40 milyon dollar məbləğində vəsait sərf etmişdir.

Görüşdə qeyd olunmuşdur ki, İranın daha bir təşkilatı tərəfindən Qızıl Aypara Cəmiyyətinin xətti ilə Azərbaycanda müxtəlif humanitar layihələr həyata keçirilmişdir. 1993-cü ildə Biləsuvar, Saatlı və Sabirabad rayonlarının ərazisində yeddi çadır düşərgəsi salınmış və orada 46 min 471 məcburi köçkün müvəqqəti məskunlaşdırılmışdır. Ümumiyyətlə, 1993-2001-ci illərdə təşkilatın xətti ilə həyata keçirilən humanitar layihələrə təxminən 7 milyon ABŞ dolları məbləğində vəsait xərclənmişdir.

Səmimi görüşə görə təşəkkürünü bildirən səfir M.Bəhrami Azərbaycanda işləməkdən məmnunluğunu ifadə etmiş, diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında münasibətlərin daha da inkişaf etdirilməsinə və gücləndirilməsinə çalışdığını vurğulamışdır.

Azərbaycanın sürətlə inkişaf etdiyini deyən diplomat İranın ölkəmizin əldə etdiyi nailiyyətlərə sevindiyini bildirmişdir. Səfir qeyd etmişdir ki, Azərbaycan və İran prezidentləri ölkələrimiz arasında münasibətlərin inkişafını hər zaman diqqət mərkəzində saxlayırlar.

Baş nazirin müavini Ə.Həsənov diplomata gələcək fəaliyyətində uğurlar arzulamışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 20 iyul.- S. 2.