Səbail Rayon İcra Hakimiyyətində Mətbuat-cəmiyyət münasibətlərinin inkişafı mövzusunda tədbir keçirilib

 

İyulun 20-də Bakı şəhərinin Səbail Rayon İcra Hakimiyyətində Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu ilə birgə "Mətbuat-cəmiyyət münasibətlərinin inkişafı" mövzusunda tədbir keçirilib. Tədbirdə KİV-ə Dövlət Dəstəyi Fondunun rəhbərliyi, respublikanın aparıcı KİV rəhbərləri, Səbail rayonunun idarə, təşkilat, aliorta təhsil, elm və mədəniyyət müəssisələrinin, rayonda fəaliyyət göstərən ictimai birliklərin, gənclər və veteranların, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov rəhbərlik etdiyi rayonun icra hakimiyyəti və digər təşkilatları ilə Kütləvi İnformasiya Vasitələri arasındakı münasibətlərdən danışıb. A.Əsgərov Səbail Rayon İcra Hakimiyyətinin media ilə əlaqələrə geniş yer verdiyini, mətbuata daim açıq olduğunu bildirib.

A.Əsgərov Azərbaycan mətbuatının tarixindən danışaraq qeyd edib ki, bu il mətbuat işçilərinin peşə bayramı ərəfəsində milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin anadan olmasının 170 illiyi geniş şəkildə qeyd olunur. Dövlət müstəqilliyinin ilk illərində digər sahələrdə olduğu kimi, mediada da ciddi tənəzzül dövrü yaşanıb. Yalnız ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra mətbuatın inkişafı ilə bağlı vahid dövlət siyasətinin və kompleks tədbirlərin həyata keçirilməsinə başlanılıb. Söz və ifadə azadlığına verilən dəyər ulu öndərin müəllifi olduğu 1995-ci il Konstitusiyasında təsbit olunub. Medianın vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğundakı rolunu yüksək qiymətləndirən, jurnalist peşəsinə böyük dəyər verən ümummilli liderin 16 avqust 1998-ci ildə imzaladığı "Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" fərmanı ilə Kütləvi İnformasiya Vasitələri üzərində senzura ləgv edilib. A.Əsgərov bildirib ki, ümummilli lider Heydər Əliyevin mediaya qayğısı onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən davam etdirilib, yürütdüyü ardıcıl və məqsədli siyasət yeni çalarlarla zənginləşdirilib. Prezident İlham Əliyevin 2005-ci ildə imzaladığı sərəncamla bütün qəzetlərin "Azərbaycan" nəşriyyatına olan irihəcmli borcları silinib. Bütün bunlar Azərbaycan dövlətinin kütləvi informasiya vasitələrinə verdiyi önəm və diqqətdən irəli gəlir. Ölkəmizdə azad mətbuatın daha da inkişafı üçün bütün imkanlar yaradılıb.

Sonra tədbirdə KİV-ə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli çıxış edərək ölkədə medianın inkişafı sahəsində görülən işlər barədə məlumat verib.

Səbail Rayon İcra Hakimiyyətinin İctimai-siyasi şöbəsinin müdiri İsrafil Kərimov cari il ərzində rayon haqqında KİV-lərdə dərc olunmuş materiallar barədə məlumat verib.

Sonda Səbail Rayon İcra Hakimiyyəti adından jurnalistlərə hədiyyələr təqdim edilib.

 

 

Azərbaycan.- 2012.- 21 iyul.- S. 7.