Ağdam - 23 iyul 1993. Bütün ayrılıqlar ondan sonra başladı

 

 Ağdamın işğalından 19 il ötür. 1993-cü il iyul ayının 23-də Ermənistan silahlı qüvvələri Xıdırlı, Sarıcalı, Qiyaslı və Muradbəyli kəndlərini işğal edərək Ağdam şəhərinə daxil oldular.

Sonrakı döyüşlər nəticəsində Ağdamın üçdə ikisi işğal edildi. 122 kənd, 24 min 446 yaşayış binası, 48 sənaye və tikinti müəssisəsi, 160 məktəb binası, 65 səhiyyə mərkəzi, 373 mədəniyyət ocağı, 1 teatr, 3 məscid və 2 muzey yandırılaraq məhv edildi. Paytaxt Bakıdan 358 kilometr məsafədə bu mədəni-irqi, etnik soyqırımı hələ də davam edir. Mənəvi itkiləri nəzərə almasaq, təkcə bu işğal nəticəsində dövlətimizə milyard manatlarla ziyan dəyib.

1930-cu ildə inzibati rayon kimi təşkil olunan Ağdam rayonu Ağcabədi, Bərdə, Tərtər, Dağlıq Qarabağa daxil olan Ağdərə rayonları ilə həmsərhəd idi. İşğal nəticəsində bu bölgələr arasında minillər boyu formalaşmış münasibətlər, əlaqələr də tamamilə qırıldı. Bir sözlə, Ağdamın işğalı xalqımızın Dağlıq Qarabağ ətrafında Laçın və Kəlbəcərdən sonra ən böyük itkisi idi.

Ağdamdan olan 130 minə yaxın məcburi köçkün Azərbaycanın 59 rayonunun 875 yaşayış məntəqəsindədir. Hazırda rayonun inzibati mərkəzi Quzanlı kəndində yerləşir. Ağdamın əlimizdə olan - 247 kvadratkilometrlik ərazisində rayonun 60 min sakini yaşamaqdadır. Qalan 100 min nəfər isə respublikanın 50-dən çox rayonunda məskunlaşıb. İşğal nəticəsində Ağdamın rayon mərkəzi ilə birlikdə 90 kəndi, onlarla təsərrüfat və sənaye obyekti, 100-dən artıq mədəni-maarif, bir o qədər də səhiyyə binası düşmən əlinə keçib.

Bu savaşlarda 6 minə qədər ağdamlı şəhid, minlərlə insan şikəst oldu. Azərbaycanın cəsarət rəmzi olan Ağdam 19 ildir düşmən nəzarətindədir.

 

 Ağdam - tarixin yaddaşında

 

"Ağdam" sözü qədim türk dilində "kiçik qala" deməkdir. Uzaq keçmişdə bu ərazidə yaşamış türkdilli qəbilələr özlərini müdafiə etmək üçün əsasən kiçik qalalar tikirdilər. Zaman keçdikcə bu şəhərin adının mənası dəyişib. XVIII əsrin birinci yarısında qarabağlı Pənahəli xan bu şəhərdə özü üçün daşdan imarət tikdirmək barədə əmr verib. Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün bir oriyentirə çevrilib. Bu mənada "Ağdam" həm də günəş şüaları ilə nurlanmış işıqlı, ev deməkdir.

Ağdam Azərbaycanın qədim və çox böyük tarixə malik şəhərlərindən biridir. Respublikamızın həyatında Ağdam rayonu həm iqtisadi, elmi potensialına, həm də insanların fədakarlığına görə həmişə çox mühüm rol oynayıb.

Respublikanın ən inkişaf etmiş, güclü sənayesi və kənd təsərrüfatı, böyük iqtisadi potensialı olan rayonlardan olan Ağdamın işğalaqədərki ərazisi 1094 kvadratkilometr, əhalisi 160 min nəfərdən çox idi. Rayonda 134 kənd, 36 kolxozsovxoz, 12 sənaye, 196 mədəni-maarif, 158 səhiyyə obyekti, 103 məktəb var idi. Ağdamda dəzgah avadanlıqları, aerokosmik və rabitə cihazları, metiz-furnitur, traktoravtomobil təmiri, konserv, tikinti materialları zavodu, ət kombinatları, iki dəmir yolu vağzalı və aeroport, kənd təsərrüfatının mexanikləşdirilməsi və elektrikləşdirilməsi zavodu, Ü.Hacıbəyov adına Musiqi Texnikumu və Ə.Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrı fəaliyyət göstərirdi.

Rayon ərazisinin 1700 hektarı meşəlik, 91,3 hektarı isə kənd təsərrüfatına yararlı torpaqlardan ibarət idi. Ağdamda əsasən pambıqçılıq, üzümçülük və heyvandarlıq inkişaf etmişdi.

İqlimi, əsasən, mülayim-isti, quraq-subtropik olan rayonun ərazisindən Qarqar və Xaçın kimi qədim çaylar axır. Aşıq Ələsgər bu yerləri dəfələrlə gəzib-dolaşdıqdan sonra qoşmalarının birində Qarabağın xəritəsini sözlə belə yazmışdı:

 

 Var olsun Qarabağ - əcəb səfadır,

Başa Xaçın axar, ayağa - Qarqar.

Göyçə qar əlindən zara gəlibdir,

Muğan həsrət çəkir:  "A yağa qar, qar".

 

Bu dəfə Qarabağa başqa bir "qar" yağdı. Zaman çox dəyişmişdi, ya nədən, bu dəfə onun soyuğuna dözən az oldu. O "qar" bütün Qarabağı, Ağdamı, onun tariximizin şahidi olan saysız-hesabsız memarlıq abidələrini görünməz etsə də, tarixi dəyişmək, saxtalaşdırmaq mümkün deyil. Xındırıstan kəndindəki Üzərliktəpə abidəsi, Xaçındərbənd kəndindəki Qutlu Musa oğlu günbəzi (1314-cü il), Salahlı-Kəngərli kəndindəki türbə və daş abidələr (XIV əsr), Papravənd kəndindəki Xanoğlu türbəsi (XVII əsr), digər türbələr və məscidlər (XVIII əsr), Qarabağ xanı Pənahəli xanonun nəslinin Ağdam şəhərindəki imarəti (XVIII əsr), Şahbulaq qalası və s. memarlıq abidələri bu yurdun qədim Azərbaycan torpağı olduğunu təsdiq edən ən gözəl faktlar, ən sanballı nümunələrdir. Onlar şahidlik edir ki, Azərbaycanın bütün dövrlərində Qarabağın, Şuşanın, Ağdamın xüsusi yeri olub. Bu şəhərlərsiz Qarabağın, eləcə də bütöv Azərbaycanın tarixi natamamdır, mümkünsüzdür. XVIII əsrdə Qarabağ xanlığının təşəkkül tapmasında, inkişafında, regionda güc sahibinə çevrilməsində də hər iki şəhərin - Şuşanın və Ağdamın əvəzsiz rolu vardı. 1918-1920-ci illərdə erməni-rus təcavüzünə qarşı mübarizədə də hər iki şəhər bir-birinin yanında idi.

1918-ci il sentyabrın 15-də Bakını erməni-bolşevik qüvvələrindən təmizlədikdən sonra hərbi hissələr dərhal Qarabağa üz tutdu. Həmin vaxt Nuru paşa Ənvər paşaya teleqramla bildirirdi ki, Qarabağ məsələsini üç həftə ərzində başa vurmağa çalışacağıq. Əməliyyata birbaşa rəhbərlik etmək üçün oktyabrın 1-də Nuru paşa özü Ağdama gəlmişdi.

O vaxtlar "Azərbaycan" qəzeti Qafqaz İslam Ordusu hissələrinin Şuşaya daxil olmasını xəbər verirdi: "Məhərrəm ayının 1-də qoşunlar şəhərə yaxınlaşdılar. Onları qarşılamaq üçün qara çərkəzi geyimdə olan yerli gənclərdən ibarət 30 nəfərlik fəxri qarovul göndərildi. Şəhərin girişində məktəblilərdən ibarət orkestrlə bərabər, yerli könüllü hissələr dayanmışdı. Birinci zəfər qapısı yanında isə ruhanilər və beynəlmiləl komitə üzvləri əllərində şəhərin açarlarını tutmuşdular. Səhər saat 10-da qoşunlar aşağıdakı tərkibdə şəhərə daxil oldular: qabaqda süvarilər, arxasınca topçularpulemyotçular. Qoşunların arxasınca isə Qaladərəsi qəhrəmanları Sultan bəy və İldırım bəy Qarabağ süvariləri ilə hərəkət edirdilər".

Vaxt dəyişmişdi və ötən əsrin 90-cı illərinin əvvəllərində Qarabağın Bakıdan - ali hakimiyyətdən əli üzülən  şəhərləri -  Şuşa, Laçın, Xocalı, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Kəlbəcər vuruşurdu, döyüşürdü, bir-birinin ardınca işğal olunurdu. Amma onların hamısı Bakıdan daha çox Ağdamdan kömək gözləyirdi. Axı Ağdamı onlara yaxın edən təkcə məsafə yaxınlığı  deyildi...

Sonra hələ də araşdırılıb başa çatmayan müxtəlif hadisələr oldu, çoxlu günahsız qanlar axdı və indi də inanılası mümkün olmayan bir faciə yaşandı:  23 iyul 1993-cü ildə Şuşanın, Laçının ardınca Ağdam da işğal olundu. Bu, həm də taleyini bu şəhərə bağlayan yüz minlərlə insanın ümid, güman, pənah yerinin işğalı idi...

Bu işğal nəticəsində on minlərlə insan öz doğma yurd-yuvasından perik düşdü. Bu işğalda 28 min hektar sahəsi, 38 kolxozsovxoz, 24 tikinti-quraşdırma idarəsi, 12 sənaye obyekti, 74 məktəb, 105 səhiyyə ocağı, 271 mədəniyyət müəssisəsi, 67 idarə, 99 klub məhv edildi.

Bu, statistik məlumatlardır. Beş ildən artıq davam edən döyüşlərdə 5897 nəfər şəhid, 3531 nəfər əlil oldu, 1871 nəfər uşaq yetim qaldı, 126 min nəfər isə doğma yurd-yuvasından didərgin düşdü.

Bu, artıq heç bir şərhə və düzəlişə ehtiyacı olmayan həqiqətlərdir. Burada hansısa səhv, yanlışlıq axtarmayın.

 

 "Biz olmayanda da bizimlə olan şəhər"

 

Bu sözləri ötən il - Ağdamın işğalının 18-ci ilində yazmışdıq. Onu yenə yazmalıyıq. Ta o yerlərə qayıdana kimi. Çünki indi yağı düşmənin əlinə fürsət düşüb, işğalda olan ərazilərimizdə qazıntılar aparır, özlərinə aid "tarixi faktlar" toplayır,  Pənah xanın, Natəvanın, Qasım bəy Zakirin, Üzeyir bəyin, Əhməd bəy Ağaoğlunun, Xanın, Bülbülün... - o dahilərin, müqəddəslərin  gözəl şəhərinə  indi  "Tiqranakert" adı qoyub sevinirlər. Sevinirlər, həm qorxurlar. Güclənən ordumuzu, ruhlanan gəncliyimizi görüb qorxurlar. Elə qorxduqları üçün daha çox qorxutmağa çalışırlar. Ölkə başçısı  ermənilərin bu vəziyyətini,  qeyri-adi durumunu çıxışlarının birində dəqiq ifadə eləyib: "Onlar, əslində, bizi müharibə ilə hədələyirlər. Bizə qarşı müharibə aparan, azərbaycanlılara qarşı etnik təmizləmə siyasətini aparan, Xocalı soyqırımını törədən vəhşilər indi yenə Azərbaycanı müharibə ilə hədələyirlər. Özləri müharibədən qorxa-qorxa, əsə-əsə bizi müharibə ilə hədələyirlər".

 

 

Bəxtiyar QARACA

 

Azərbaycan.- 2012.- 22 iyul.- S. 4.