Azərbaycan ilə Kolumbiya arasında inkişaf perspektivləri müzakirə edilir

 

 İyulun 2-də Milli Məclisin Sədri Oqtay Əsədov Azərbaycanda səfərdə olan Kolumbiya Senatının İkinci Konstitusional komitəsinin sədri xanım senator Alexandra Moreno Pirakive  ilə görüşüb.

Azərbaycanın Kolumbiya ilə münasibətlərin inkişafında maraqlı olduğunu söyləyən Oqtay Əsədov qarşılıqlı səfərlərin, keçirilən görüşlərin ölkələrimiz arasında münasibətlərin inkişafında mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Onun sözlərinə görə, bu səfər əlaqələrin hərtərəfli inkişafına təkan verəcək: "Kolumbiya Senatında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı, xüsusilə də Xocalı soyqırımının tanınması barədə qəbul olunmuş qərar bir daha göstərdi ki, həqiqət gec-tez öz yerini tutacaq və ədalət bərpa olunacaq".

Görüş zamanı Oqtay Əsədov xanım Alexandra Moreno Pirakivenin Milli Məclisin Fəxri medalı ilə təltif olunduğunu bildirərək mükafatı qonağa təqdim edib.

Alexandra Moreno Pirakive Azərbaycanda onlara göstərilən qonaqpərvərliyə, eləcə də ona verilən yüksək mükafata görə minnətdarlıq bildirib. Xanım senator vurğulayıb ki, bu cür  səfərlər həqiqətən də ikitərəfli əlaqələrin bütün sahələrdə inkişafı üçün geniş imkanlar açır. Hər iki ölkənin qaçqın problemi olduğunu deyən Alexandra Moreno Pirakive deyib ki, Kolumbiyanın Xocalı soyqırımı ilə bağlı qəbul etdiyi qərar həqiqəti özündə əks etdirir.

Alexandra Moreno Pirakive dövlətlərarası əlaqələrin daha da inkişaf etdirilməsi üçün hər iki ölkədə səfirliklərin açılmasının vacibliyini vurğulayıb.

Görüşdə Azərbaycan ilə Kolumbiya arasında əlaqələrin inkişaf perspektivləri, Dağlıq Qarabağ münaqişəsi və s. məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

 

 

Azərbaycan.- 2012.- 3 iyul.- S. 2.