Qaradağ Rayon İcra Hakimiyyətində jurnalistlərlə görüş keçirilmişdir

 

 Azərbaycan milli mətbuatının yaranmasının 137-ci ildönümü ilə əlaqədar dünən Qaradağ Rayon İcra Hakimiyyətində kütləvi-informasiya vasitələrinin nümayəndələri ilə görüş keçirildi.

Media mənsublarını salamlayan Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Zəfər Əliyev əvvəlcə Milli Mətbuat Günü ilə əlaqədar rayon rəhbərliyinin təbriklərini çatdırdı. Azərbaycan mətbuatının tarixindən söz açan natiq qeyd etdi ki, "Əkinçi" qəzetinin işıq üzü görməsi ilə əsası qoyulan milli mətbuatımız hələ XIX əsrin sonu və XX əsrin əvvəllərində böyük inkişaf yolu keçmiş, xalqımızın milli oyanışında mühüm rol oynamışdır. Azərbaycan mətbuatı tarix boyu daim mütərəqqi ideyaların carçısı kimi çıxış etmiş, xalqımızın ən ülvi arzularının reallaşmasına öz töhfəsini vermiş, müstəqillik amalının güclənməsində, mənəvi dəyərlərinin tərəqqisində, milli şüurun, mədəniyyətin formalaşmasında böyük  xidmət göstərmişdir.

Görüşdə daha sonra bildirildi ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə söz və mətbuat azadlığının bərqərar olması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ötən illərin reallıqları göstərir ki, Azərbaycanda mətbuat azadlığı sahəsində olduqca ciddi islahatlar aparılıb. Bu siyasət Azərbaycan mətbuatının gələcək inkişafını və perspektivlərini müəyyənləşdirib, ölkədə çoxlu sayda mətbuat orqanlarının fəaliyyətə başlamasına təkan verib. Görülən tədbirlər nəticəsində Azərbaycanda senzura ləğv edilib, azad mətbuatın hüquqi fundamental bazası formalaşıb.

Bu gün Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin azad mətbuatın inkişafı sahəsində müəyyənləşdirdiyi siyasəti uğurla davam etdirir. Azərbaycan mətbuatının inkişafına göstərilən diqqət və qayğı, mətbuatımızın yubileylərinin keçirilməsi, jurnalistlərin fəxri adlarla təltif edilməsi, qəzetlərin nəşriyyatlara olan borclarının dövlət tərəfindən ödənilməsi bunun göstəricisidir.

Görüşdə KİV nümayəndələri ölkədə jurnalistikanın inkişafına göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə etdilər. Sonda  Milli Mətbuat Günü münasibətilə jurnalistlərə Qaradağ Rayon İcra Hakimiyyətinin mükafatları təqdim olundu.

 

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2012- 24 iyul.- S. 2.