Kolumbiya Azərbaycan ilə hərtərəfli əlaqələrin inkişafında maraqlıdır

 

 İyulun 2-də Milli Məclisdə Azərbaycanda səfərdə olan Kolumbiya Senatının ikinci konstitusional komitəsinin sədri, senator xanım Alexandra Moreno Pirakivenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycan-Kolumbiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu arasında görüş keçirilib.  

İşçi qrupun rəhbəri, Milli Məclisin deputatı Xanlar Fətiyev deyib ki, Azərbaycan ilə Kolumbiya coğrafi baxımdan uzaqda yerləşsələr də, xalqlarımız arasında çox mehriban və sıx dostluq münasibətləri var: "Azərbaycan bu münasibətlərə mühüm əhəmiyyət verir. Kolumbiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın haqq səsini dəstəkləməsini, xüsusən də Xocalı soyqırımının tanınması barədə qərar qəbul etməsini yüksək qiymətləndiririk. Ümid edirik ki, əlaqələrimiz bundan sonra da yüksələn xətlə inkişaf edəcək və sizin bu səfəriniz əməkdaşlığımızın daha da genişlənməsinə təkan verəcək".

Sonra işçi qrupun üzvlərindən Asim Mollazadə, Sahibə Qafarova, Rauf Əliyev və başqaları Azərbaycanın dinamik inkişafı, həyata keçirdiyi irimiqyaslı regional layihələr barədə ətraflı məlumat veriblər.

Senator xanım Alexandra Moreno Pirakive göstərilən qonaqpərvərliyə görə nümayəndə heyəti adından minnətdarlığını bildirib. O deyib ki, Kolumbiya Azərbaycan ilə əlaqələrin inkişafında maraqlıdır: "Düşünürük ki, ölkələrimiz arasında əlaqələrin hərtərəfli inkişafı üçün geniş imkanlar var. Bu səfərin əsas məqsədi parlamentlərimiz arasında əməkdaşlığın, eləcə də digər sahələrdə əlaqələrin inkişafına dair fikir mübadiləsi aparmaqdır. Kolumbiyada da qaçqın problemi varbu baxımdan Azərbaycanın ağrı-acısını yaxşı başa düşürük".

Görüşdə Kolumbiya ilə Azərbaycan arasında elm, təhsil, mədəniyyət, idman, kənd təsərrüfatı və digər sahələrdə əlaqələrin inkişafına dair fikir mübadiləsi aparılmışdır.

 

 

Azərbaycan.- 2012.- 3 iyul.- S. 2.