Dövlət Neft Fondunun aktivləri artaraq 32.666 milyon ABŞ dollarına çatmışdır

 

 İyulun 23-də Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) ilin birinci yarısının yekunlarına dair mətbuat konfransı keçirilmişdir.

AzərTAc xəbər verir ki, fondun icraçı direktoru Şahmar Mövsümov çıxış edərək ilin altı ayında əldə olunmuş nəticələr barədə məlumat vermişdir. Qeyd olunmuşdur ki, 2012-ci ilin yanvar-iyun aylarında ARDNF-in büdcə gəlirləri 7391,9 milyon manat, büdcə xərcləri isə 4878,1 milyon manat təşkil etmişdir. İlin altı ayı ərzində fondun vəsaitlərinin idarə olunmasından əldə olunan gəlirlər 292,1 milyon manata bərabər olmuşdur.

ARDNF-in investisiya siyasətinə daxil edilən yeni investisiya alətlərinə dair görülmüş işlər barədə danışan fondun icraçı direktoru bildirmişdir ki, fondun vəsaitlərinin bu il üçün qızıla investisiya yatırma miqdarı investisiya portfelinin maksimum 5 faizi həddində müəyyən edilmişdir. Beləliklə də, Dövlət Neft Fondu cari ilin birinci rübündən etibarən qızılın alınmasına başlamışdır və iyulun 1-nə alınan qızılın miqdarı 6 ton 847 kiloqram təşkil etmişdir.

İyulun 1-nə Dövlət Neft Fondunun aktivlərinin ilin əvvəlinə nisbətən 9,6 faiz artaraq 32.666 milyon ABŞ dollarına çatdığını deyən Ş.Mövsümov valyuta məzənnələrinin dəyişməsindən yaranan fərqlə bağlı məlumat verərək, fondun büdcədənkənar xərcinin 289,2 milyon manat təşkil etdiyini vurğulamışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 24 iyul.- S. 7.