Yeni Azərbaycan Partiyası gələn il keçiriləcək prezident seçkisində iştirak edəcək namizədini müəyyən etmişdir

 

Hakim Yeni Azərbaycan Partiyası (YAP) 2013-cü ildə keçiriləcək prezident seçkisində iştirak edəcək namizədini müəyyən etmişdir.

YAP sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov jurnalistlərə demişdir ki, YAP-ın namizədi Azərbaycan xalqının ürəyincə olan bir şəxsiyyətdir. Bu şəxsiyyət partiyanın 600 min üzvü, eyni zamanda, xalqın böyük əksəriyyəti tərəfindən dəstəklənən YAP-ın sədri, Prezident İlham Əliyevdir. Bunun da ciddi əsasları vardır. İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf etmişdir. Həyata keçirilən uğurlu xarici siyasət nəticəsində Azərbaycan dövlətinin beynəlxalq arenada mövqeləri daha da möhkəmlənmişdir. Ölkədə ictimai-siyasi sabitlik tam bərqərar olmuş, əhalinin işsizlik problemi demək olar ki, həll olunmuş, insanların həyat tərzi əsaslı surətdə yaxşılaşmışdır.

Ə.Əhmədov onu da bildirmişdir ki, 2013-cü ilin payızında keçiriləcək prezident seçkisinə uyğun olaraq YAP özünün qurultayını keçirməyi planlaşdırır. Bu qurultayda partiyanın seçki ərəfəsində müəyyənləşdirdiyi namizəd rəsmi şəkildə irəli sürüləcəkdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 25 iyul.- S. 2.