Qarabağ mətbəxi kitabının təqdimatı olmuşdur

 

İyulun 25-də Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanovun və mərkəzin baş kulinarı Aynurə Əmiraslanovanın həmmüəllifliyi ilə hazırlanmış "Qarabağ mətbəxi" kitabının təqdimatı keçirilmişdir.

AzərTAc xəbər verir ki, Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Qarabağ mətbəxinə dair kitabın ilk dəfə meydana çıxmasının əhəmiyyətindən danışmışdır. Bildirmişdir ki, Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı ideoloji müharibə aparılır və onun beynəlxalq aləmdə qarşısının alınması istiqamətində Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən böyük işlər həyata keçirilir.

Baş nazirin müavini Ə.Həsənov Ermənistan tərəfindən mədəni irsimizə təcavüz edildiyi şəraitdə "Qarabağ mətbəxi" kitabının ərsəyə gəlməsini yüksək qiymətləndirmişdir. Vurğulamışdır ki, bu kitabı nümunə götürərək gələcəkdə Qarabağın tarixi abidələri, görkəmli şəxsiyyətləri, ziyalıları, gəncləri, ləhcələri, mədəni irsi, adət-ənənələri istiqamətində yeni-yeni tədqiqatlar aparılmalı və kitablar hazırlanmalıdır. O, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin bu istiqamətdə hazırlanacaq nəşrlərə dəstək verməyə hazır olduğunu bildirmişdir.

Baş nazirin müavini Ə.Həsənov kitabın müəlliflərinə və ərsəyə gəlməsində əməyi olanlara təşəkkürünü bildirmişdir.

Milli Məclisin deputatı Qənirə Paşayeva, Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov, Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev və başqaları kitabın əhəmiyyətindən, bu istiqamətdə təbliğatın gələcəkdə də davam etdirilməsinin vacibliyindən danışmışlar.

Milli Kulinariya Mərkəzinin direktoru T.Əmiraslanov Qarabağ mətbəxinin toplanmasına böyük dəstək göstərmiş Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinə, Qarabağ bölgəsi  rayonlarının icra hakimiyyətlərinə, Mədəniyyət və Turizm Nazirliyinə təşəkkürünü  bildirmişdir.

Kitabda ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin Azərbaycanın mədəniyyətinə dair qiymətli kəlamları yer almışdır.

Azərbaycan Milli Elmlər Akademiyasının ArxeologiyaEtnoqrafiya İnstitutunun Elmi Şurasının qərarı ilə çap edilmiş kitabın "Ön söz"ünün müəllifi Milli Kulinariya Mərkəzi baş direktorunun müavini Ceyran Əsgərovadır.

Kitabda adları qeyd olunan xörəklərin hamısı bu gün artıq 20 ildən çoxdur ki, məcburi köçkün həyatı yaşayan Qarabağ əhalisindən, ayrı-ayrı şəxslərdən toplanmışdır. Verilən məlumatlara, reseptlərə çox müdaxilə edilməmişdir. Buna görə də kitab tam işlənmiş texnoloji kitab deyil, daha çox olduğu kimi xalq mətbəxidir. Əldə olunan mənbələrdən, Gəncə, Tovuz, Qazax, Şəki, Quba, Lənkəran, Borçalı və başqa bölgələrdən, İrəvan xanlığından mərhələ-mərhələ didərgin salınmış, qaçqın düşmüş İrəvan, Göyçə, Zəngəzur və s. əhalisindən, Naxçıvan Muxtar Respublikası və başqa ərazilərdən toplanmış materiallarla, İran Azərbaycanı mətbəxi ilə qarşılıqlı tutuşdurma və təhlil nəticəsində Qarabağ bölgəsi mətbəxi Azərbaycan mətbəxinin bir parçası kimi milli mətbəx texnologiyalarımızın ümum ahəngi içərisində təqdim olunmuşdur.

Beləliklə, Qarabağ mətbəxinin assimilyasiyasının qarşısını almaq üçün bir neçə il ərzində bütün Qarabağ bölgəsi üzrə aparılmışdır.

Kitabın əvvəlində Azərbaycan, rusingilis dillərində Qarabağ mətbəxinin tarixi, etnoqrafiyası verilmişdir.

Qarabağ mətbəxinə aid məlumatlar ingilis dilində "İrs" ("Naslediye") jurnalında, rus dilində  isə abunə vasitəsilə MDB ərazisində yayımlanmış elmi peşəkar "Pitaniye i obşestvo" jurnalının 9-10-cu nömrələrində çap ediləcəkdir. Hazırda Qarabağın ayrı-ayrı rayonlarının və İrəvan xanlığı mətbəxinin toplanıb hər rayon üzrə ayrıca kitab şəklinə salınması üzərində işlər gedir.

 

 

Azərbaycan.- 2012.- 26 iyul.- S. 6.