Bayrağımızı Xankəndidən asacağımız gün uzaqda deyil

 

"Regionlarda gedən quruculuq-abadlıq işləri artıq ənənəvi xarakter daşıyır. Mən bölgələrdə mütəmadi qaydada oluram və hər dəfə yenilikləri görəndə çox sevinirəm. Deyə bilərəm ki, rayonlar arasında sağlam rəqabət gedir. Həm rayon rəhbərləri, eyni zamanda, ictimaiyyət, əlbəttə, hər bir rayon sakini istəyir ki, onun rayonu daha da gözəl, abadinkişaf etmiş olsun. Bizbu meyilləri gücləndiririk və Prezidentin Ehtiyat Fondundan ayrılan vəsaitin mütləq əksəriyyəti bölgələrin inkişafına yönəldilibdir". Bu fikirləri Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev söyləyib. Dövlət başçısı bildirib ki, sosial məsələlərin həlli daim diqqət mərkəzində olub, bu gün də belədir.

Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Məlahət İbrahimqızı deyir ki, həqiqətən, son 6 ay ərzində Azərbaycanda çox mühüm işlər görülüb. Onun sözlərinə görə, dünyada gedən maliyyə böhranı Avropanın inkişaf etmiş ölkələrinə çox ciddi şəkildə təsir göstərir. Ancaq böhran başlanan andan bu günədək Azərbaycanın həyata keçirdiyi heç bir layihə dayandırılmayıb və ölkəmiz regionun lider dövlət olduğunu bir daha təsdiq edib. Azərbaycan Prezidentinin imza atdığı bütün böyük layihələr vaxtında uğurla həyata keçirilir. Bölgələrimizin sosial-iqtisadi inkişafı göz önündədir: "İndi bölgələrimizin mərkəzləri də paytaxtımız kimi modernləşir, inkişaf edir. Cənab Prezident deyib ki, Azərbaycanın rayon mərkəzləri qonşu ölkələrin paytaxtından gözəl vəziyyətə gəlib. Bu, həqiqətən, belədir. Əhalinin həyat səviyyəsinin yüksəlməsi pensiya təminatı, qoyulan investisiyaların həcmi və regionlarda həyata keçirilən layihələr buna əyani sübutdur".

Azərbaycanın xarici siyasətinin uğurlarına gəldikdə isə deputat hesab edir ki, ölkəmizin BMT Təhlükəsizlik Şurasına sədrlik etməsi müstəqillik tariximizin ən uğurlu diplomatik qələbəsidir. Son 6 ayda Azərbaycanın xarici siyasətinin digər uğuru iyunun 27-də Türkiyə və Azərbaycan arasında Trans Anadolu Qaz Boru Kəməri (TANAP) layihəsinin reallaşdırılması haqqında tarixi sazişin imzalanmasıdır. Bir ay keçməsinə baxmayaraq, beynəlxalq mətbuatda bu layihənin əhəmiyyəti barədə silsilə yazılar, araşdırmalar davam edir. Onun sözlərinə görə, bu layhənin reallaşmaması üçün müxtəlif fikirlər, müzakirələr aparılırdı. Ancaq bütün manelərə baxmayaraq, Azərbaycan Prezidentinin həyata keçirdiyi müstəqil və qətiyyətli xarici siyasətin nəticəsi olaraq TANAP layihəsi gerçəkləşdi. Bu layihə ilə bir daha sübut olundu ki, Azərbaycan dünyada artıq söz sahibinə çevrilən bir ölkədir və regionda ən böyük layihələri həyata keçirmək gücünə malikdir.

M.İbrahimqızı onu da vurğulayır ki, Bakıda keçirilən "Eurovision-2012" beynəlxalq musiqi festivalı isə Azərbaycan həqiqətlərini dünyaya təqdim etdi. Həmin ərəfədə, yəni 1 il ərzində  Azərbaycanda görülən işlər başqa dövlətlərin 10-15 ilə gördükləri işlərdən daha böyük olub. Lakin bütün bunlara baxmayaraq, Azərbaycanı istəməyən, dövlətimizin müstəqil siyasət aparmasını qəbul etməyən bəzi dövlətlər və beynəlxalq təşkilatlar ölkəmiz haqqında çirkin kampaniya  təşkil edərək "Eurovision" mahnı müsabiqəsinin Bakıda keçirilməsinin qarşısını almağa çalışıblar: "Həm xarici, həm də ölkə daxilində olan bəzi qüvvələr Azərbaycana qarşı sanki birləşib antimilli siyasət aparırdılar. Düşmən dəyirmanına su tökən daxili qüvvələrin əməlləri xalq tərəfindən qəbul edilmədi. Onların niyyətləri baş tutmadı. Dünya Azərbaycanı tanıdı və dəstəklədi. Həmin qüvvələr keçmişdə də olub, bu günvar və gələcəkdə də olacaq.  Görülən işlər, insanların sosial rifahının yaxşılaşdırılması üçün atılan addımlar dövlətin xalqın yanında olduğunu sübut etdi. Azərbaycan bir daha bəyan etdi ki, öz yolunu gedir, dünyada gedən geosiyasi proseslərdə əhəmiyyətli bir dövlətə çevrilir. Bu isə Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətin nəticəsidir".

Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası ilə bağlı Milli Məclisin deputatı Leyla Abdullayeva da öz fikirlərini bildirib: "Bu müşavirə bir daha göstərdi ki, Azərbaycan özünün inkişaf mərhələsini yaşayır və bunun ən uca zirvəsindədir. Regionda, inkişaf etmiş ən böyük ölkələrin iqtisadiyyatında və sosial həyatında ciddi problemlər yaşansa da, Azərbaycan, əksinə, bütün sahələrdə irəliləyərək nailiyyətlər qazanır. Uğurlarımızın sayı, görülən işlərin keyfiyyəti daim artmaqdadır. Əldə olunan bütün uğurların düşünülmüş, əvvəlcədən hesablanmış siyasətin nəticəsi  olduğunu öz dərin çıxışı ilə şərh edən ölkə başçısı mövcud uğurların ardının gələcəyini aydın ifadə edib".

Deputatın fikrincə, Prezident İlham Əliyevin cəmiyyətdə mövcud olan neqativ hallara qarşı mübarizənin bundan sonra da aparılacağını bildirməsi məqsədyönlü dövlət siyasətinin, mövcudluğunun ifadəsidir. Deputat bildirib ki, beynəlxalq arenada da ölkəmizin mövqeləri güclənməkdə davam edir. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına sədrlik etməsindən hər bir azərbaycanlı fəxr etməlidir: "Bu gün yeganə ciddi problemimiz sayılan Dağlıq Qarabağ məsələsində də Azərbaycanın haqlı mövqeyi güclənməkdədir. Ermənistandan fərqli Azərbaycan inkişaf edir, əhali artır, hərbi və iqtisadi gücümüz danılmazdır. Cənab Prezidentin bildirdiyi kimi, dövlət bayrağımızı Xankəndidən asacağımız gün heçuzaqda deyil", - deyə deputat bildirib.

Leyla Abdullayevanın sözlərinə görə, ölkəmiz növbəti dəfə böyük bir tədbirin keçirildiyi məkan olub, "Eurovision" mahnı müsabiqəsi tarixi ərzində ən yüksək səviyyədə keçirilən yarışma idi. Bu zaman ölkəmizə qarşı antiazərbaycançı qüvvələrin başladığı çirkin kampaniya da bir daha kimin kim olduğunu göstərdi: "Düşmənlə əlbir olub antiazərbaycan kampaniyasına qoşulan şəxslər bir daha xalqın gözündə ifşa olundu, həqiqi üzləri, məkrli niyyətləri üzə çıxdı. Lakin onlar həmişəki kimi uğursuzluğa düçar oldular". Deputat hesab edir ki, Prezidentin demoqrafiya ilə bağlı fikirləri dövlət qarşısında yeni hədəflər qoyur, stimullaşdırıcı tədbirlərin görüləcəyini xəbər verir: "Əminəm ki, yaxında biz bu sahədə atılan addımların şahidi olacağıq. Bir sözlə, müşavirə, orada səslənən fikirlər həm uğurlu nəticələr, həm də daha böyük hədəflər ilə yadda qaldı".

 

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2012.- 27 iyul.- S. 2.