Azərbaycanın Cənubi Afrikadakı səfirliyi Pretoriya Universitetinin kitabxanasına ölkəmizlə bağlı kitablar hədiyyə etmişdir

 

Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin qeyd olunması tədbirləri çərçivəsində iyulun 30-da Azərbaycan Respublikasının Cənubi Afrika Respublikasındakı (CAR) səfirliyi Pretoriya Universitetinin kitabxanasına ölkəmizlə bağlı kitablar hədiyyə etmişdir.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Pretoriya Universitetində rəsmi mərasim keçirilmişdir. Mərasimdə Azərbaycanın CAR-dakı səfiri Elxan Poluxov Nizami Gəncəvinin həyat yolu, yaradıcılığı və dünya mədəniyyətində rolu barədə danışmışdır.

Diplomat Pretoriya Universitetinin kitabxanasında bundan sonra Azərbaycan haqqında da kitabların olacağına məmnunluğunu bildirmiş və gələcəkdə bu təhsil ocağı ilə əlaqələrin daha da genişlənəcəyinə əminliyini ifadə etmişdir.

Qeyd edək ki, səfirlik tərəfindən kitabxanaya Heydər Əliyev Fondunun təşəbbüsü ilə hazırlanmış 30-dan artıq kitab, Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş və Azərbaycan ilə bağlı bir çox nəşrlər hədiyyə edilmişdir.

 

 

Azərbaycan.- 2012.- 31 iyul.- S. 7.