Böyük BritaniyaŞimali İrlandiya Birləşmiş Krallığının paytaxtı London şəhərində keçirilən XIV Yay Paralimpiya Oyunlarında Azərbaycan Respublikasının əlil idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının əlil idmançılarını və onların məşqçilərini Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının paytaxtı London şəhərində keçirilən XIV Yay Paralimpiya Oyunlarında ən yüksək nəticələr göstərməyə həvəsləndirmək məqsədi ilə qərara alıram:

 

1. XIV Yay Paralimpiya Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının əlil idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilsin:

 

1.1.  birinci  yeri  tutan hər bir idmançıya  200 min manat,  onun məşqçisinə 100 min manat;

 

1.2. ikinci  yeri tutan hər bir idmançıya 100 min manat,  onun  məşqçisinə  50 min manat;

 

1.3.  üçüncü yeri  tutan hər bir idmançıya  50 min manat,  onun məşqçisinə 25 min manat.

 

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 iyul 2012-ci il

 

Azərbaycan.- 2012.- 4 iyul.- S. 1.