ABŞ-ın Müstəqillik Günü qeyd edilmişdir

 

İyulun 3-də ABŞ-ın Azərbaycandakı səfirliyi ölkəsinin müstəqilliyinin elan edilməsinin 236-cı ildönümü ilə əlaqədar rəsmi qəbul təşkil etmişdir.

Əvvəlcə hər iki ölkənin dövlət himnləri səsləndirilmişdir.

Tədbirdə çıxış edən ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Adam Sterlinq ölkəsinin müstəqillik tarixindən danışmışdır. Qeyd etmişdir ki, 4 iyul 1776-cı il ABŞ-ın müstəqilliyə nail olduğu tarix deyil, "Müstəqillik Bəyannaməsi"nin yazıldığı gündür.

A.Sterlinq vurğulamışdır ki, mühüm tarixi fərqlərə baxmayaraq, Azərbaycan da öz müstəqilliyini dərhal əldə etməmişdir. O demişdir: "ABŞ diplomatiyasının Azərbaycanda 20 illik fəaliyyətinin əsasını ölkənizin müstəqilliyini gücləndirmək təşkil edir. Azərbaycan ABŞ-ın mühüm tərəfdaşıdır".

Ölkələrimizin terrorizmlə mübarizədə sıx əməkdaşlıq etdiyini vurğulayan A.Sterlinq ABŞ-ın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdar olduğunu bildirmişdir.

Ölkəmizin əldə etdiyi nailiyyətlərdən danışan A.Sterlinq vurğulamışdır ki, cari ildə Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmiş, "Eurovision-2012" mahnı müsabiqəsi və digər mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etmişdir.

Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov Prezident İlham Əliyevin adından mərasim iştirakçılarını təbrik etmişdir. Bildirmişdir ki, ölkələrimiz arasındakı mövcud əlaqələr möhkəm təməllər üzərində qurulmuşdur. Azərbaycan-ABŞ münasibətləri beynəlxalq təşkilatlar çərçivəsində də yüksələn xətlə inkişaf edir.

İki ölkə arasında müxtəlif sahələri əhatə edən sənədlərin imzalandığını diqqətə çatdıran S.Şərifov ikitərəfli münasibətlərin inkişafında ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri olduğunu vurğulamışdır. Bildirmişdir ki, Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi xarici siyasət nəticəsində əlaqələrimiz daha da genişlənmişdir. Bu il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 20-ci ildönümünün qeyd olunduğunu diqqətə çatdıran S.Şərifov bildirmişdir ki, Azərbaycan ABŞ ilə münasibətlərə hər zaman önəm verir.  

Qəbulda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirləri, ictimaiyyətin nümayəndələri iştirak etmişlər. 

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 4 iyul.- S. 4.