Rusiyalı gənclər Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə görüşmüşlər

 

Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) dəvəti ilə Rusiya Federasiyasının dövlət və qeyri-hökumət təşkilatlarından, ali təhsil müəssisələrindən olan bir qrup gənc ölkəmizdə səfərdədir.

AzərTAc xəbər verir ki, iyulun 3-də rusiyalı gənclər Heydər Əliyev Fondunda RAGT-ın sədri, Fondun vitse-prezidenti Leyla xanım Əliyeva ilə görüşmüşlər.

Heydər Əliyev Fondunda rusiyalı gəncləri salamlayan Leyla xanım Əliyeva görüşdən məmnunluğunu bildirdi.

Qonaqlara Heydər Əliyev Fondunun tarixi, fəaliyyəti, məqsədləri barədə ətraflı məlumat verən Leyla xanım Əliyeva qeyd etdi ki, Fond yarandığı gündən Azərbaycanda təhsilin, səhiyyənin inkişafı, mədəni irsin, ekologiyanın qorunması istiqamətində müxtəlif genişmiqyaslı proqramlar və layihələr həyata keçirir. Azərbaycanın tərəqqisinə, mədəniyyətinin inkişafına və tarixinin öyrənilməsinə kömək göstərir.

Azərbaycanda həyata keçirilən gənclər siyasətindən danışan Heydər Əliyev Fondunun vitse-prezidenti dedi ki, azərbaycanlı gənclər rusiyalı gənclərlə yaxşı əməkdaşlıq edirlər. Leyla xanım Əliyeva bu istiqamətdə reallaşdırılan layihələrin əhəmiyyətini vurğuladı.

Heydər Əliyev Fondunun vitse-prezidenti ölkəmizə beşgünlük səfərə gələn rusiyalı gənclərin Azərbaycan ilə yaxından tanış olacaqlarına əminliyini bildirdi.

Belə bir dəvətə və görüşə görə təşəkkürlərini bildirən rusiyalı gənclər Azərbaycandan vətənlərinə zəngin və xoş təəssüratlarla qayıdacaqlarını dedilər. Bu cür səfərlərin Azərbaycan ilə Rusiya arasında gənclər sahəsində əməkdaşlığı daha da möhkəmləndirdiyini vurğuladılar.

Rusiyalı qonaqlar iyulun 6-dək Bakı ilə yanaşı, ölkəmizin regionlarına da səfər edəcək, Azərbaycan reallıqları, respublikamızda aparılan quruculuq işləri və tarixi yerlərlə yaxından tanış olacaqlar.

Rusiyalı gənclərin Azərbaycana səfəri bir neçə ildir ki, təşkil olunur. Səfərin məqsədi gənclərin Azərbaycan haqqında məlumatlarının artırılması, birgə əməkdaşlığın daha da möhkəmləndirilməsidir.

 

 

Azərbaycan.- 2012.- 4 iyul.- S. 4.