Azərbaycan ilə Kolumbiya arasında müxtəlif sahələrdə ikitərəfli münasibətlər müzakirə edilmişdir

 

İyulun 3-də Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Kolumbiya Respublikası Senatının ikinci konstitusional komitəsinin sədri xanım Alexandra Moreno Pirakivenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Görüşdə E.Məmmədyarov kolumbiyalı qonaqların Azərbaycana səfərinin böyük əhəmiyyət kəsb etdiyini vurğulamışdır.

Ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi üçün hüquq-müqavilə bazasının genişləndirilməsinin vacibliyini vurğulayan nazir Kolumbiya Parlamentinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində tutduğu mövqeyi yüksək qiymətləndirmişdir.

Kolumbiya xalqı adından Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ölkəsinin Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyini deyən A.M. Pirakive dövlətlərimiz arasında münasibətlərin, xüsusən də iqtisadi, mədəni, humanitar sahələrdə əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulamışdır. Komitə sədri bu səfərin Azərbaycan ilə Kolumbiya arasında əməkdaşlığa təkan verəcəyinə əminliyini bildirmişdir.

Görüşdə, həmçinin əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində hər iki ölkənin parlamentlərinin rolunun artırılması və dostluq qruplarının fəaliyyətinin daha da genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 4 iyul.- S. 4.