Xəlil Rza Ulutürkün 80 illik yubileyinin keçirilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 2012-ci ilin oktyabr ayında XX əsr Azərbaycan poeziyasının tanınmış nümayəndəsi, xalq şairi, filologiya elmləri doktoru, professor Xəlil Rza Ulutürkün (Xəlil Rza oğlu Xəlilovun) anadan olmasının 80 ili tamam olur.

Xəlil Rza Ulutürkün vətənpərvərlik duyğuları ilə zəngin ictimai-siyasi mövzulu yaradıcılığı xalqımızın bədii-poetik fikir salnaməsinin parlaq səhifələrini təşkil edir. Şair dünya ədəbiyyatı xəzinəsinin bir çox incilərini dilimizə uğurla çevirmişdir.

Müasir Azərbaycan ədəbiyyatının inkişafına töhfələr vermiş Xəlil Rza Ulutürkün 80 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Xəlil Rza Ulutürkün 80 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 iyun 2012-ci il

 

Azərbaycan.- 2012.- 5 iyun.- S. 2.