Hillari Klinton Ermənistan və Azərbaycanı gərginliyi azaltmağa çağırmışdır

 

 ABŞ dövlət katibi Hillari Klinton Türkiyə-Ermənistan protokollarının ratifikasiyası və Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar arasında heç bir əlaqə görmür.

Dövlət Departamentinin yaydığı məlumata görə, xanım Klinton  bu barədə iyunun 4-də Yerevanda Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla birgə mətbuat konfransında çıxış edərkən bildirmişdir. Dövlət katibi demişdir ki, Ermənistan ilə Türkiyə arasında münasibətlərin normallaşması ABŞ-ın marağındadır. Rəsmi Vaşinqton protokolların hər iki parlament tərəfindən qeyd-şərtsiz təsdiqlənməsinin tərəfdarıdır.

ABŞ-ın baş diplomatı Ermənistan tərəfi ilə danışıqlarda Dağlıq Qarabağ üzrə də ciddi müzakirələr apardığını bildirmişdir. Xanım Klinton təmas xəttində atışma, hərbi və mülki ölüm halları və ümumiyyətlə, gərginliyin artması ilə bağlı narahatlığını ifadə etmişdir. "Güc tətbiq etmə Dağlıq Qarabağ münaqişəsini həll etməyəcəkdir", - deyən xanım Klinton Ermənistanı və Azərbaycanı güc və zorakılıqdan çəkinməyə çağırmış, Bakıdakı görüşlərində də eyni mesajı çatdıracağına söz vermişdir.  O demişdir: "Minsk qrupunun həmsədri kimi, ABŞ tərəflərlə birgə işləyib irəliyə yol tapmağa sadiq qalır. Mən əminəm ki, irəliyə yol olmalıdır... Mən Ermənistan prezidentinə bəyan etdim ki, Birləşmiş Ştatlar sülh razılaşmasının Helsinki Prinsiplərinə, o cümlədən güc tətbiqi və təhdidindən çəkinmə, ərazi bütövlüyü, bərabər hüquqlaröz müqəddəratını həll etmə hüquqlarına əsaslanmalı olduğuna inanır. Bunlardan heç birini xaric etmək olmaz. Uzunmüddətli həll yolunun tapılması üçün bu prinsiplərin hamısı nəzərə alınmalıdır".

 

 

Şəfəq AKİFQIZI

 

Azərbaycan.- 2012.- 6 iyun.- S. 5.