Bişkekdə nəşr edilən Altın körpü jurnalının yeni nömrəsi Azərbaycana həsr olunmuşdur

 

Bişkekdəki "Türkel" Fondunun Azərbaycan, türk, rus və ingilis dillərində nəşr etdiyi "Altın körpü" jurnalının yeni nömrəsi Azərbaycana həsr olunmuşdur.

Jurnalda Qırğızıstan Prezidenti Almazbek Atambayevin bu ilin martında ölkəmizə rəsmi səfəri və onun Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşlərini əks etdirən materiallar rəngli fotoşəkillərin müşayiəti ilə təqdim olunmuşdur.

Jurnalın üz qapağında Azərbaycan və Qırğızıstan prezidentləri İlham Əliyev və Almazbek Atambayevin Bakıda birgə çəkilən fotoşəkilləri də yer almışdır.

Jurnalda Azərbaycan-Qırğızıstan Hökumətlərarası Əməkdaşlıq Komissiyasının Bişkekdəki ilk iclası haqqında materiallar, həmçinin Azərbaycanın xalq artisti Mənsum İbrahimov və əməkdar artist Azərin haqqında məqalələr də dərc edilmişdir.

Nəşrdə TÜRKSOY-un 2012-ci il üçün mətbuat mükafatının təqdim olunması mərasimi, bu mükafatın həm də jurnalist Ramiz Məşədihəsənliyə verilməsi ilə bağlı material dərc olunmuşdur.

Jurnalın redaktoru Hökümə Xəlilova bildirmişdir ki, bu mətbu orqanın tirajı artırılaraq 7000 nüsxəyə çatmışdır. Yaxın vaxtlarda nəşrin sayının 15000 nüsxəyə çatdırılması nəzərdə tutulmuşdur.

 

 

Qulu KƏNGƏRLİ

 

Azərbaycan.- 2012.- 7 iyun.- S. 11.