Azərbaycan ilə ABŞ arasında bütün sahələrdə dinamik inkişaf var

 

 Rəsmi Bakı ABŞ-ın dövlət katibi Hillari Klintonun Cənubi Qafqaz ölkələrinə səfərinə böyük əhəmiyyət verir. Çünki Azərbaycan Cənubi Qafqazda, eləcə də regionun Şərq-Qərb, Şimal-Cənub dəhlizində əsas dövlətdir. Güman etmək olar ki, bu səfər həm də ABŞ-ın bölgədə həyata keçirdiyi siyasətlə də bağlıdır. Dövlət rəsmisinin Ermənistan və Gürcüstandan sonra səfəri Azərbaycana oldu. Əlbəttə, bu görüşlərin gündəliyində enerji təhlükəsizliyi, regional əməkdaşlıq, geopolitik baxımdan ABŞ və Azərbaycanın uyğun maraqları və digər məsələlər də yer alır. Dağlıq Qarabağ məsələsinə gəlincə, Yerevanda olarkən H.Klinton məsələ ətrafında müzakirələr aparıb. İkinci dəfə Azərbaycana rəsmi səfərə gələn dövlət katibinin təbii ki, bu dəfə də söhbətinin əsas mövzusu Dağlıq Qarabağ münaqişəsinin həlli ətrafında tərəflərin mövqelərinin ortaq məxrəcə gətirilməsi idi.

"Dağlıq Qarabağ münaqişəsinin həllinin vaxtı çoxdan çatmışdır. Bu məsələ hərbi yolla həll edilə bilməz". H.Klinton bu sözləri Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla keçirdiyi birgə mətbuat konfransında səsləndirdi. O, cəbhə xəttində baş vermiş silahlı insidentlə bağlı narahatlığını da bildirdi: "Bu məni çox narahat edir və gərginliyin artmasını istəməzdim. İnsan tələfatının qarşısı alınmalıdır. Sülhün təmin olunması üçün birgə çalışmalıyıq". ABŞ-ın dövlət katibi Azərbaycanda dinamik inkişafın şahidi olduğunu da qeyd etmişdir.

Rəsmi Vaşinqton Azərbaycanda gedən demokratikləşmə prosesinin müntəzəm və dönməz xarakter almaqla daha da dərinləşməsindən, daxili sabitlik faktının siyasi iradə göstəricisindən adi həyat normasına çevrilməsindən, cəmiyyətin aşkarlıq və plüralizm tonusunun getdikcə yüksəlməsindən məmnun qaldığını dəfələrlə bəyan edib. Regionun əsas dövləti olan Azərbaycanla bağlı transmilli nəqliyyat-kommunikasiya və enerji layihələri var ki, onların hər birinin işləməsi Amerikanın geosiyasigeoiqtisadi maraqlarının çevrəsinə daxildir. Bu üzdən Amerika üçün Cənubi Qafqaz coğrafiyasının Azərbaycan cinahı daima strateji prioritet təşkil edən bir vektor olaraq qalacaqdır. Azərbaycan da tərəfdaşlığa və qarşılıqlı əməkdaşlığa çox böyük önəm verən güclü dövlət kimi istəyir ki, ABŞ başda olmaqla bütün tərəfdaş dövlətlər Cənubi Qafqazdakı məsələlərə, münaqişələrə eyni prizmadan yanaşsınlar. Məsələn, hələ də Cənubi OsetiyaAbxaziya probleminə bir münasibət, Dağlıq Qarabağ münaqişəsinə isə fərqli münasibətlə yanaşılır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin  həlli gündəmə gələndə öz müqəddəratını təyinetmə məsələsi önə çəkilir, təcavüzkar dövlət törətdiyi əməllərə görə cəzalandırılmır.

Bu, qarşılıqlı anlaşma və tərəfdaşlığa xələl gətirən ikili standart siyasətidir. Məsələyə bu cür ədalətsiz münasibətin nəticəsidir ki, iki onillikdən bir az da çox çəkən münaqişə hələ də davam edir.

Azərbaycan Amerika ilə çoxtərəfli əməkdaşlığın, o cümlədən neft-qaz layihələrində ABŞ-ın geniş iştirakının tərəfdarıdır.

Ölkəmiz terrorizmlə mübarizə çətiri altında Əfqanıstana hərbi kontingentin göndərilməsində, həmçinin bu ölkəyə yüklərin daşınmasında tranzit ölkə kimi iştirak edir. Çünki təhlükəsizliyin təmin edilməsi və terrorizmə qarşı mübarizənin gücləndirilməsi baxımından tərəfdaşlıq və qarşılıqlı əməkdaşlıq dünyanın təhlükəsizliyi üçün çox vacibdir. Aydındır ki, rəsmi Vaşinqton bu cür məsələlərdə daha həssasdır. Ancaq hələ də ABŞ-ın, Avropa ölkələrinin Dağlıq Qarabağ məsələsinə beynəlxalq hüquq normaları çərçivəsində yanaşmaması Azərbaycanı üzür. Bir neçə ABŞ konqresmeni dəfələrlə etiraf ediblər ki, ABŞ hökumətinin Azərbaycana yardım etməsini birbaşa qadağan edən 1992-ci ildə qəbul edilmiş 907-ci düzəliş regionda bu dövlətin milli maraqlarına ziddiriki ölkə arasında strateji tərəfdaşlığın genişlənməsi yolunda ciddi maneə yaradır. Təəssüf ki, deyilənlər hələ də söz olaraq qalır. Dünya ölkələrinə sirr deyildir ki, Azərbaycan iki onillikdən artıqdır ki, Dağlıq Qarabağda Ermənistan dövləti tərəfindən dəstəklənən separatizm və terrorizmlə üzbəüz qalıb. Bu ölkənin 1 milyondan çox vətəndaşının hüquqları pozulub. Dünyanın məsələyə bu cür ikili münasibəti Azərbaycan ictimaiyyətinin etirazına səbəb olur. Bu dövlətin xarici siyasəti dünyanın bütün dövlətləri ilə bərabər hüquqlu surətdə faydalı əlaqələr qurmaqdan, beynəlxalq hüquq normaları ilə tənzimlənən dövlətlərarası münasibətlərə hörmət etməkdən, bütün dövlətlərin suveren hüquqlarına hörmətlə yanaşmaqdan, mübahisəli məsələləri sülh və danışıqlar yolu ilə həll etməkdən, qarşılıqlı surətdə faydalı iqtisadi, elmi və mədəni əməkdaşlıq yaratmaqdan, dövlətlərarası əlaqələrə mane olan hər cür məhdudiyyətləri aradan qaldırmaqdan ibarətdir.    

Heç şübhə yoxdur ki, ABŞ-ın dövlət katibinin Bakı səfəri Azərbaycan-Amerika münasibətlərinin inkişafı baxımından önəmli hadisədir. İlk növbədə ABŞ-la Azərbaycan arasında tərəfdaşlıq münasibətləri var. Azərbaycanın artan əhəmiyyəti, regionun lider dövlətinə çevrilməsi ABŞ-Azərbaycan münasibətləri üçün yeni imkanlar açır. Azərbaycan ictimaiyyəti inanmaq istəyir ki, xanım Klintonun Bakı səfəri və burada aparılan müzakirələr münasibətlərin inkişafına özünün müsbət töhfəsini verəcəkdir. Bu səfər Dağlıq Qarabağ münaqişəsinin həlli və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından da ciddi əhəmiyyət kəsb edəcək. Dövlət katibi Azərbaycan Prezidenti İlham Əliyevlə görüşərkən də ilk növbədə dostluq və tərəfdaşlıq, iqtisadi, enerji, regional təhlükəsizlik, siyasi islahatlar, münaqişənin nizama salınması və digər sahələrdə əməkdaşlıq məsələlərindən danışdı. Bir çox sahələrdə uğurlu əməkdaşlığın əhəmiyyətini vurğulayan ABŞ-ın dövlət katibi ölkəsinin Azərbaycan ilə sıx və strateji tərəfdaşlıq əlaqələrinin olduğunu məmnunluqla qeyd etdi və Azərbaycanın regionda çox mühüm rola malik olduğunu vurğuladı. Bundan başqa, dövlət katibi Prezident İlham Əliyevlə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması, ölkələrimizin enerji və digər sahələrdə əməkdaşlığının genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi apardı.

İki gün öncə ABŞ Prezidenti Barak Obama Bakıda XIX Beynəlxalq Xəzər neft, qaz, neftayırma, neft kimyası sərgisi və konfransının açılışı münasibətilə Azərbaycan Prezidentinə təbrik məktubu göndərərək Azərbaycan xalqını bu münasibətlə təbrik edib. Məktubda Azərbaycanın beynəlxalq siyasi, təhlükəsizlik və iqtisadi layihələrdə iştirakı, həmçinin Azərbaycanın Əfqanıstanda sülhün və təhlükəsizliyin qorunması istiqamətində göstərdiyi səyləri yüksək dəyərləndirilir. Məktubda deyilir: "Gələcəyə nəzər salaraq biz "Şahdəniz" qaz layihəsinin reallaşmasından müsbət dəyişikliklər gözləyirik və Azərbaycan hökuməti, eləcə də, onun tərəfdaşları ilə birgə "Şahdəniz" qazının Avropaya nəqli marşrutunu seçirik. Azərbaycan "Cənub" qaz dəhlizi vasitəsilə Avropa ilə əlaqələrini möhkəmləndirməklə, müasir şaxələndirilmiş iqtisadiyyatın inkişafını təmin etməklə, dünya miqyasında daha mühüm öhdəlikləri üzərinə götürməklə güclü olan tərəfdaşlığı daha da irəliyə aparacaqdır. Enerji təchizatının şaxələndirilməsi və təhlükəsizliyinə, eləcə də regional sabitliyə nail olmaq kimi ümumi məqsədlərimizi təşviq edəcək Birləşmiş Ştatlar ilə Azərbaycan arasında davamlı əməkdaşlığı səmimiyyətlə arzulayıram".

İyunun 6-da ABŞ-ın dövlət katibi Hillari Klinton da beynəlxalq sərgiyə qatılmış,  Amerika Ticarət Palatasının stendi, neft kimyası və neftayırma məhsulları ilə yaxından tanış olmuşdur. ABŞ dövlət rəsmisinə məlumat verilmişdir ki, sərgidə dünyanın 35 ölkəsindən 304 şirkət təmsil olunur. Ekspozisiyanın 40 faizindən çoxu dünyada tanınmış iqtisadi qurumların payına düşür. Sərgi sahəsinin və iştirakçı şirkətlərin sayının artması Azərbaycanın neftqaz infrastrukturunun sürətlə inkişaf etdiyinidünya miqyasında böyük nüfuz qazandığını deməyə əsas verir. ABŞ-ın dövlət katibi sərgidən zəngin təəssüratla ayrıldığını bildirmişdir.

 

 

Azərbaycan.- 2012.- 8 iyun.- S. 1; 2.