Azərbaycanın və Latviyanın Kənd Təsərrüfatı nazirlikləri arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanmışdır

 

 Azərbaycanda səfərdə olan Latviyanın kənd təsərrüfatı naziri xanım Laymdota Strauyuma kənd təsərrüfatı naziri İsmət Abasov ilə görüşmüşdür.

Görüşdə iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq əlaqələri və perspektivləri müzakirə edilmişdir.

İ.Abasov qonağa ölkəmizdəki sosial-iqtisadi vəziyyət, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində aqrar sahədə əldə olunmuş nailiyyətlər və bu sahəyə göstərilən dövlət  qayğısı barədə ətraflı məlumat vermişdir.

Bildirmişdir ki, təkcə son bir il ərzində Azərbaycanda kənd təsərrüfatı istehsalında 5,4 faiz artım olmuşdur. Bu da ölkəmizi özünü kənd təsərrüfatı məhsulları ilə təmin etməsinə kifayət edir. Ölkə əhalisinin 38 faizi kənd təsərrüfatı ilə məşğul olur.

Latviya ilə aqrar sahədə əlaqələrə toxunan azərbaycanlı nazir ölkəsindən Latviyaya əsasən meyvə-tərəvəz, bostan, emal olunmuş kənd təsərrüfatı məhsulları ixrac edildiyini demişdir. Latviyadan isə ölkəmizə heyvandarlıq, ət, süd və digər kənd təsərrüfatı məhsulları gətirilir.

Latviyanın kənd təsərrüfatı naziri xanım L.Strauyuma Azərbaycanı Cənubi Qafqazda prioritet ölkə adlandıraraq əlavə etmişdir ki, Latviya kənd təsərrüfatı sahəsində dövlətimizlə əməkdaşlıqda maraqlıdır. İmzalanacaq memorandum iki ölkə arasında ticarət əməliyyatlarının artırılmasına töhfəsini verəcəkdir. 

Sonda "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı NazirliyiLatviya Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu" imzalanmışdır.

Sənədi İsmət AbasovLaymdota Strauyuma imzalamışlar.

Memorandum haqqında şərh verən nazir İ.Abasov diqqətə çatdırmışdır ki, bu sənəd iki ölkə arasında kənd təsərrüfatı sahəsində əlaqələrin daha da güclənməsinə töhfəsini verəcəkdir. Yaxın zamanda Latviya ilə baytarlıq və fitosanitariya sahəsində iki sazişin imzalanması da gözlənilir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 8 iyun.- S. 4.