Azərbaycanın Dövlət Sərhəd Xidmətinin rəisi Macarıstanın Müqəddəs Georq medalı ilə təltif edilmişdir

 

 Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının komandanı, general-leytenant Elçin Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 5-6-da Budapeştdə keçirilən Sərhəd Məsələləri üzrə Beynəlxalq Konfransının XX plenar iclasında iştirak etmişdir.

Dünyanın 32 ölkəsinin sərhəd xidməti üzrə səlahiyyətli orqanlarının və sərhəd məsələləri üzrə 7 beynəlxalq təşkilatın yüksək səviyyəli nümayəndələrinin iştirak etdiyi konfransda "Sərhədlərin idarə edilməsi və cinayətkarlıq arasında əlaqə" mövzusunda müzakirələr aparılmışdır. Eyni zamanda, "Sərhəd keçid nəzarəti", "Sahil mühafizəsi", "Viza rejimigiriş şərtləri" və s. üzrə işçi qruplarının fəaliyyəti haqqında iştirakçılara ətraflı məlumat verilmişdir.

General-leytenant E.Quliyev səfər çərçivəsində Avropa İttifaqının sərhəd məsələləri üzrə agentliyi olan "Frontex"in icraçı direktoru İlka Laytinen, konfransın sədri İştvan Şamu və digər rəsmilərlə görüşlər keçirmişdir.

Konfransın birinci günü Macarıstan parlamentində keçirilən iclasda general-leytenant Elçin Quliyev Macarıstanın Daxili İşlər Nazirliyinin ali mükafatı "Müqəddəs Georq" medalı ilə təltif olunmuşdur. Mükafatı general-leytenant Elçin Quliyevə Macarıstanın daxili işlər naziri Şandor Pinter təqdim etmişdir. Bu medala  Böyük Britaniya, Almaniya və Avstriyanın sərhəd xidmətlərinin rəhbərləri də layiq görülmüşlər.

Sonda iştirakçı nümayəndə heyətlərinin üzvləri sərhəd məsələləri üzrə əməkdaşlığa verdikləri töhfələrə görə mükafatlandırılmışlar.

Azərbaycanın Dövlət Sərhəd Xidməti "Sahil nəzarəti üzrə İşçi Qrupu"nda həyata keçirdiyi diqqətəlayiq rəhbərlik fəaliyyətinə görə Sərhəd Məsələləri üzrə Beynəlxalq Konfransının gümüş "Ulduz"una layiq görülmüşdür.

 

 

Pərvanə QARAYEVA

 

Azərbaycan.- 2012.- 8 iyun.- S. 9.